2025-ci ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 992 cinayət faktı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, cinayət faktlarının 894-ü narkotik vasitələrin qanunsuz satışı, 2 min 74-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 22-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 271 kiloqram 278,043 qramını marixuana, 140 kiloqram 727,95 qramını heroin, 60 kiloqram 688,812 qramını tiryək, 30 kq 822,838 qramını həşiş, 21 kiloqram 378,121 qramını digər narkotik vasitələr, 68 kiloqram 104,632 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 4 min 263 ədəd metadon, 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 593 kiloqram, 402 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 68 milyon 673 min manat kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 33-ü xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş vətəndaşlardan ümumilikdə 329 kiloqram 616,125 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 78 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 878 kiloqram 036,802 qram və 4 min 263 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 min 155 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkarlanmış cinayətlərin 79-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 851 kiloqram 627,833 maddə müsadirə edilib. 621 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 555 kiloqram 050,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 804, qanunsuz satış ilə bağlı faktların sayı 175, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 627, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 3, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 516 nəfər azalıb.
Qaçaqmalçılıqla bağlı faktların sayı 4, bu kateqoriyadan olan digər cinayətlərin sayı 2 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 330 kiloqram 260,076 qram artıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 195 kiloqram 544,168 qram (58,2 faiz), psixotrop maddələrin çəkisi 37 kiloqram 416,919 qram (35,5 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 271 kiloqram 278,043 qramınını (87,5 faiz) marixuana təşkil edib. Onun da 2 ton 062 kiloqram 307,143 qramı (90,7 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 208 kiloqram 970,9 qramı (9,2 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin yanvarın 28-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 168 kiloqram 332,011 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırma üsulu ilə məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 24 rayon və şəhərdə 955 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunmuş ümumi çəkisi 27 kiloqram 726,105 qram və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr və 192 ədəd çətənə bitkisinin məhv edilməsi təmin olunub.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 30 min 280 nəfər istiqamətləndirilib. Onlar narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib. 1526 nəfərdən 940 nəfərinin istifadəçi olması müəyyənləşib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 552, Sumqayıt Narkoloji Mərkəzində 139 nəfər) 798 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olub.
2025 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 292 vətəndaş müraciəti daxil olub ki, onların 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.
“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.