“Bakıdan başqa Azərbaycanın heç bir yerində zibil zavodları yoxdur”


“Ölkəmizdə rəsmi şəkildə müəyyən dəyişikliklər edildikdən sonra insanlar əllərində olan zibilləri, siqaret kötüklərini atmaq üçün tez-tez zibil qutuları axtarırlar”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, şəhərin mərkəzində və şəhər mərkəzinə yaxın yerlərdə müəyyən məsafəni gözləmək şərtilə zibil qutuları var: “Amma paytaxtın kənar hissələrində zibil yeşikləri ümumiyyətlə, problemə çevrilib. Hələ də bəzi yerlərdə məişət tullantıları olan zibil qutularının yandırılması ilə rastlaşırıq. Hələ də bazar, ticarət mərkəzləri, supermarketlərin qıraqlarında çeşidləməmiş zibillərin kiçik məişət tullantıları üçün ayrılmış qablara atılmasının şahidi oluruq. Əgər vətəndaş zibili yerə atırsa, zibil qutusu tapa bilmirsə, zibil qutuları arasındakı məsafə çox uzaqdırsa, yerə atdığı zibillə görə iri məbləğdə cərimələnirsə, öz dərdini kimə söyləməlidir? Amma ümumi götürəndə vətəndaşlarımızın özündə də çox məsuliyyətsizlik var. Zibili yerə, hətta yaşayış binasından belə yerə atmaq kimi problemlər hələ də öz aktuallığını saxlayıb. Zibillər yandırılır, çeşidlənmədən atılır. Qanunvericilikdə dəyişiklik olubsa, qanunvericiliyin tələblərinə uyğun olaraq hər yerdə zibil qutuları olmalıdır. Bakı kimi yarımsəhra yerdə, Azərbaycan kimi isti bir məkanda zibili yerə atmaq özü bir cinayətdir. Çünki günəş, xəstəliklər, pandemiya, ekologiyanın korlanması və sair hallar, sənaye, məişət tullantıları hələ də ölkəmizdə aktualdır. Əgər bilsək ki, zibili yerə atmaqla nə qədər böyük cinayət etmiş oluruq, bəlkə də, bunu etmərik.

Uzun illər, bu gün də maarifçilik işləri aparılıb, mətbuat bu barədə ekspertlərin rəylərini bölüşüblər. Xarici ölkələrə gedəndə təmiz küçələrdən danışırıq, amma öz məhlələrimizə baxın. Vaxt var idi ki, “şəhəri zibilləməyin” adlı sosial layihə var idi. Çox gözəl sosial layihə idi. Biz hələ də bilmirik ki, məişətdə istifadə olunan bir çox cihazlarını eyni zibil qabına atmaq olmaz. Hələ də anlamırıq ki, tibbdə istifadə olunan şprislər, sarğı, dərmanları məişət tullantıları olan zibil qutularına atmaq olmaz. Bu yöndə maariflənmək lazımdır. Eyni zamanda məsuliyyət daşıyan vəzifəli şəxslər, əlavə qurumların nümayəndələri inzibati məsuliyyətə, bəzən isə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Zibillər çeşidlənmir, yandırılır. Yalnız zibil qutularının çatışmazlığı problem deyil, Azərbaycan bütün dünyada olduğu kimi böyük problemlə üzləşib. Bakıdan başqa Azərbaycanın heç bir yerində zibil zavodları, zibil emal edən zavodlarımız yoxdur. Halbuki, Balaxanı sənaye məhəlləsi, oradakı zibil çeşidləmə zavodu istehsal etdiyi məhsullar bir daha sübut edir ki, bu, böyük sahədir”.

“Bu sahəni bir az özəlləşdirməyə buraxmaq lazımdır. Mən inanıram ki, iş adamları həm zibil daşınması, həm zibil qutularının qoyulması, çeşidlənməsi, ondan istifadə etmək haqlarını alsalar, Amerika və digər ölkələrdə olduğu kimi böyük həvəs göstərəcəklər, yeni iş yerləri yaranacaq və şəhərimiz də təmiz olacaq.

Məsuliyyət isə dövlət qurumları ilə yanaşı həm də vətəndaşların üzərinə düşür. Biz uşaq bağçasından iş yerlərinə qədər ancaq maarifləndirmə ilə insanları dəyişməliyik. Zibil qutuları olmasa da, vətəndaş zibili paketə yığıb yaxınlıqdakı zibil qutularına ata bilər. Bu zəmanə, ölkə, paytaxt bizimdir. Öz simamızı təmiz saxlamaq üçün bütün şəhəri də təmiz saxlamalıyıq” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər