Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub


Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının 30 illiyi və şəhərin türk dünyasının mədəniyyət paytaxtı edilməsi ilə münasibətilə “Ana. Cəmiyyət. Gələcək” adlı beynəlxalq forum keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, forumda Manqistau vilayət akiminin müavini, Qazaxıstan Respublikası Prezidentinin yanında fəaliyyət göstərən Qadınlar və Ailə-Demoqrafiya Siyasəti üzrə Milli Komissiyanın üzvləri, Respublika Analar Şurasının sədri və müxtəlif bölgələrdən gələn şura üzvləri iştirak ediblər. Həmçinin Türkiyədən, Qırğızıstandan və Özbəkistandan gələn nümayəndələr də tədbirə qatılıb.

Azərbaycanı Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və baş konsul Ayxan Süleymanlı təmsil ediblər.

Tədbirdə çıxış edən akim müavini Teleqen Abişev ailə dəyərlərinin qorunub saxlanılmasında, uşaqların tərbiyəsində Analar Şurasının əhəmiyyətini vurğulayıb, həmçinin şuranın cəmiyyətin ən aktual məsələləri ilə bağlı konkret layihələri həyata keçirdiyini qeyd edib.

H.Hüseynova çıxışında bu gün Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, müstəqil Azərbaycanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

O bildirib ki, xalqımız təxminən 30 il davam edən erməni işğalı zamanı ağır itkilərə, qadın və uşaqların zorakılıq, əsirlik və itkin düşmə kimi faciələrə məruz qalıb. Buna baxmayaraq, qadınlarımız böyük mənəvi güc göstərərək müstəqil Azərbaycanın inkişafında fəal iştirak ediblər.

H.Hüseynova ailə, qadınlar və uşaqların Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, bu sahə üzrə ölkəmizin Qoşulmama Hərəkatı, BMT, TÜRKPA və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini söyləyib və bu forumun keçirilməsi ilə bağlı təşəbbüsün əhəmiyyətini vurğulayıb, qardaşlıq və dostluq münasibətlərinin ölkələrimiz arasında, o cümlədən türk dünyasında qadın həmrəyliyi üçün möhkəm bir təməl yaratdığını qeyd edib.

Forum çərçivəsində iştirakçılar gender bərabərliyi, analar şuralarının fəaliyyəti, qadın təhsili, ana və uşaq hüquqlarının müdafiəsi kimi aktual məsələləri müzakirə ediblər.

Əlaqəli Xəbərlər