“İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil”


“Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qarşıya qoyulan prioritetlərdən biri də şirin su ehtiyatlarına qənaət edilməsi, su resurslarının səmərəli idarəciliyinin tətbiqidir. 2020-23-cü illərdə işğalda olan Qarabağ torpaqlarının azad olunması ilə şirin su ehtiyatlarımızın həcmi artıb. Sərsəng, Xaçınçay, Suqovuşan kimi su anbarları anbarları artıq ölkəmizin nəzarətindədir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, son zamanlar əsas şirin su ehtiyatımız olan Kürdə suyun səviyyəsi artıb: “Təbii ki, bu, mövsümi prosesdir. Dağlarda qarlın əriməsi və yağıntıların miqdarının artması çaylarda sululuğu artırıb. Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik ölkədir. 10 milyonluq əhalisi olan ölkəmiz çayların sayına görə 3 milyonluq Gürcüstandan geri qalır. Tərsikdən içməli su ehtiyatlarımızın əsas qaynağı olan çaylar da transərhəd çaylarıdır. Bir qismi Gürcüstan, bir qismi Ermənistandan ölkəmizə daxil olur. Transərhəd çaylarının bir hissəsi dağ-mədən sənayesinin zərərli tullantıları ilə çirkləndirilir.

Hesablamalara görə, Azərbaycan 2040-cı ildə su stresi yaşayacaq ölkələr siyahısına daixl ola bilər. Mövcud su ehtiyatlarına mümkün qədər qənaət etməliyik. Suvarma sistemi yenilənməli, su kanallarının səthinin betonlaşdırılması həyata keçirilməlidir. Əlavə su mənbələrinə çıxış imkanları araşdırılmalıdır. Əlavə mənbələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır. Bununla bağlı ölkəmizdə müəyyən layihələr icra edilib. Yaxın gələcəkdə yarana biləcək su qıtlığı probleminin həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Bir neçə il bundan öndə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə bağlı daha bir qərar verilmişdi. Pilot layihə ilk növbədə paytaxt Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılmasını qarşıya məqsəd qoyur”.

Sədr bildirir ki, bu ilin əvvəli ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticəsi açıqlanıb: “Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqə üzrə birinci olub. Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min kubmetr su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.

Qeyd edim ki, Səudiyyə Ərəbistan şirkəti olan “ACWA Power” suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl kompaniyalardan biridir. Bu cür müəssisələrin qurulması həm su stressini azaldacaq, həm də iqtidasiyyatın canlanmasına, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bütün bu layihələr tədqirəlayiqdir. Amma əhalinin içməli su ilə təminatı strateji məsələ olduğundan su idarəetməsinin təkmilləşdirilməsinə diqqət yetirilməlidir. İlk növbədə texniki su şəbəkəsinin yaradılması, tullantı sularının təkrar emalı həyata keçirilməlidir. İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil”- deyə o əlavə edib.

Əlaqəli Xəbərlər