Bankların komissiya və faiz dərəcələri nəyə görə yüksəkdir?


“Faiz və komissiya mahiyyətcə fərqli anlayışlardır, lakin nəticə etibarilə hər ikisi vətəndaşın cibindən çıxan vəsaitdir. Ona görə də çox zaman insanlar üçün bunun faiz şəklində, ya da komissiya adı altında alınmasının elə də böyük fərqi olmur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bu vəsaitin onların xərclərinə birbaşa təsir etməsidir: “Faizlərin yüksək olmasının əsas səbəblərindən biri Azərbaycan iqtisadiyyatının riskli hesab edilməsidir. İnsanlar manatda vəsait saxlamağı riskli gördüklərinə görə banklar və digər maliyyə qurumları daha yüksək depozit faizləri təklif edirlər. Bu isə bütövlükdə kredit faizlərinə də təsir göstərir. Azərbaycan iqtisadiyyatının riskli olmasının başlıca səbəbi onun əsasən iki boru xəttindən – neft və qaz ixracından – asılı olmasıdır. Neft qiymətlərindəki kəskin dəyişikliklər bu asılılığı daha da təhlükəli edir. Eyni zamanda, qeyri-neft sektorunun kifayət qədər inkişaf etdirilə bilməməsi ölkənin iqtisadi strukturunu zəif saxlayır və bu da iqtisadi sabitliyi təhdid edir. Bu şəraitdə banklar sadəcə vasitəçi rolunu oynayır: vətəndaşlardan cəlb etdikləri artıq vəsaiti (depozitləri) ehtiyacı olan digər vətəndaşlara kredit kimi təqdim edirlər. Bu sistemin işləməsi üçün isə təbii olaraq risklər nəzərə alınaraq faizlər yüksək tutulur.

Son illərdə müşahidə olunan əsas iqtisadi tendensiyalardan biri vətəndaşların manatla depozit yerləşdirməyə marağının azalmasıdır. Hazırda insanlar 4-5% illik gəlirlə manatda vəsaitlərini banka qoymaq əvəzinə, eyni faizlə dollarda depozit yerləşdirməyə üstünlük verirlər. Bunun əsas səbəbi manata olan inamın zəifləməsi və valyuta riskidir. Vətəndaşlar düşünürlər ki, 5% illik faizlə manatda vəsait yatırmaqdansa, eyni gəliri dollarda əldə edib özlərini daha güvənli hiss edə bilərlər. Manatla depozit yerləşdirmək üçün isə banklar daha yüksək – 10-12% arası faiz təklif etməyə məcbur qalırlar. Bu da göstərir ki, manatla depozit faizləri dollara nisbətən daha yüksək olsa da, vətəndaşın əsas narahatlığı gəlir deyil, valyutanın sabitliyidir. Bu vəziyyətin formalaşmasında əsas amillərdən biri Azərbaycan iqtisadiyyatında qeyri-sabitliyin, xüsusilə də neft və qaz kimi dəyişkən gəlirli sahələrə yüksək asılılığın olmasıdır. İnsanlar manatın sabitliyinə güvənmədikləri üçün, daha az faizlə olsa belə, dollarla depozitə üstünlük verirlər.

Faizlərin yüksək olmasının əsas səbəbi Azərbaycan iqtisadiyyatının riskli olmasıdır. İnsanlar manatda vəsaitlərini saxlamağı riskli hesab etdikləri üçün banklar daha yüksək faiz təklif edirlər. Bu da təbii olaraq depozit faizlərinin artmasına səbəb olur. Bu şərtlər daxilində banklar sadəcə vasitəçi rolunu oynayır: artıq vəsaiti olanlardan depozit cəlb edir, pula ehtiyacı olanlara isə kredit verir. Bu sistemdə faizlərin yüksək olması həm risklərin sığortalanması, həm də bazar şərtlərinin nəticəsidir.

Manatla depozitlərə marağı artırmaq üçün Mərkəzi Bank müəyyən addımlar atıb. Bu addımların başında bahalı faiz siyasəti dayanır. Yəni, Mərkəzi Bank faizləri bilərəkdən qaldıraraq vətəndaşları manatda vəsait saxlamağa təşviq edir. Əsas məqsəd – dövriyyədə olan manatı bank sektoruna cəlb etməkdir. Çünki faizlər aşağı olduqda vətəndaşlar manatı ya xərcləyir, ya da bankdan kənarda saxlayırlar.

2023-cü ilin dekabrından etibarən Mərkəzi Bank həmçinin məcburi ehtiyat normalarını artırıb, bu da bankların likvidlik xərclərini artıraraq onları depozitlərə görə daha yüksək faiz verməyə məcbur edib. Bütün bu tədbirlərə baxmayaraq, əsas problem manatla bağlı olan risklərin yüksək olaraq qalmasıdır. İnsanlar iqtisadiyyatın dayanıqlı və sabit olmadığını düşündükləri üçün öz vəsaitlərini daha etibarlı gördükləri valyutada saxlamağa üstünlük verirlər”.

Əlaqəli Xəbərlər