Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Heydər Əliyevin bütün həyatını Vətənə, xalqa xidmətə həsr etdiyi vurğulanıb. Qeyd olunub ki, müasir Azərbaycan dövləti Ulu Öndərin strateji uzaqgörənliyinin və cəsarətinin nəticəsidir.
“1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda tarixi İpək Yolunun bərpasına dair TRACECA beynəlxalq konfransı keçirildi. Bu proqram bugünkü Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Heydər Əliyevin enerji və nəqliyyat məsələləri ilə bağlı iki məqsədi, iki əhdi Azərbaycanı təkcə regional deyil, həm də qlobal miqyasda dövlətə, əhəmiyyətli bir enerji mərkəzinə çevirib”, -deyə tədbirdə çıxış edən ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov vurğulayıb.
O, Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının Azərbaycanın neft yataqlarının işlənməsinə xarici investorların cəlb olunmasını təmin etdiyini, neftin nəqli marşrutlarının yaradılmasına və neft gəlirlərinin səmərəli idarə olunmasına səbəb olduğunu qeyd edib. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın hazırkı inkişafını xeyli dərəcədə təmin edib. Ölkə iqtisadi transformasiya üçün vəsait əldə etməyə başlayıb. Bu vəsaitlə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü, mətanətli ordumuz yaradılıb və təchiz edilib.
“Heydər Əliyev bizə strateji yol göstərib. Bu strateji yolu İlham Əliyev həyata keçirdi”, – deyə Lətif Qəndilov əlavə edib.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri Bişkekdəki Heydər Əliyev adına 20 nömrəli məktəbdə də olublar. 2022-ci ilin oktyabrında dövlətimizin başçısının Qırğızıstana dövlət səfəri zamanı iki ölkənin prezidentləri – Sadır Japarov və İlham Əliyev tərəfindən açılan məktəbdə tez-tez Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Azərbaycanın səfiri Lətif Qəndilov məktəbdə ulu öndərin həyatı, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovla görüşləri haqqında geniş məlumat verən, Heydər Əliyevin dil və “Manas” dastanı haqqında məşhur ifadələrinin yer aldığı gözəl tərtibatlı stendi açıb. İstedadlı rəssam Nailə Qəndilovanın ustalıqla çəkdiyi Heydər Əliyevin portreti stendin bəzəyi olub.
Səfir stendin açılışında deyib: “Heydər Əliyevin doğum günü bütün Azərbaycan xalqı üçün mühüm gündür, ümummilli bayramdır. Heydər Əlirza oğlu ölkəmizin və onun xalqının həyatında böyük iz qoyub. Ona görə də bu əlamətdar gün bizim hamımız üçün çox vacibdir. Bu gün biz böyük bir stendi açdıq, həmin plakatda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə mümkün qədər geniş məlumat verməyə, onun həyatının əsas prinsiplərini nümayiş etdirməyə çalışdıq”.
O, qeyd edib ki, stenddə Heydər Əliyevin çox dərin məna kəsb edən məşhur kəlamlar da yer alıb. Onun müdrik sözləri hər bir insan üçün milli kimlik, qürur mənbəyidir: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Diplomat əlavə edib: “Fikrimcə, bu stend qırğız uşaqlarının təhsilinə kömək edəcək. Çünki bu anlayışlar qiymətlidir və bütün xalqlar üçün çox şey deməkdir”.
Lətif Qəndilov qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti bugünkü gənclər üçün örnəkdir: “Bu insan öz həyatında böyük zirvələr fəth edib. “Ömrü boyu qalib olmaq hər kəsə nəsib olmur. Onun Azərbaycan xalqı üçün gördükləri işlər misilsizdir. Onun xalqımız üçün siyasi və iqtisadi baxımdan müəyyən etdiyi strategiya bu gün də inkişaf etdirilir”, -deyə səfir vurğulayıb. O, Heydər Əliyevin xatirəsinə ehtiramlarına görə məktəbin kollektivinə və şagirdlərə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən 20 nömrəli məktəbin direktoru Kanıkey Alımkulova bu təhsil ocağında ölkələrimiz arasında sıx əlaqələrin əsasını qoymuş Heydər Əliyevin xatirəsinin uca tutulduğunu, Qırğızıstanla Azərbaycan arasında mövcud əlaqələrin möhkəm dostluq təməli üzərində qurulduğunu bildirib. “Heydər Əliyev adına məktəbimiz xalqlarımız arasında uğurlu qarşılıqlı əlaqənin parlaq nümunəsidir və bunu məktəbdə keçirilən tədbirlərdə şagirdlərimizə çatdırırıq”, – deyə direktor qeyd edib.
Qırğız Respublikasının Əməkdar həkimi, Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov çıxışında Azərbaycanın Ulu Öndərinin adını daşıyan məktəbin iki ölkənin gənc nəsli arasında dostluq körpüsü olduğunu, əsası Heydər Əliyev tərəfindən qoyulmuş qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb.