İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub. SİA xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə İmişli rayonunda İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, millət vəkili Səyyad Salahlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların kollektivləri, eyni zamanda şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxışlar başlamamışdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıblar.
Qeyd edilib ki, Heydər Əliyev siyasi kursunun nəticəsi olaraq Azərbaycanın bu gün regionda aparıcı və dinamik inkişaf edən bir dövlətə çevrilib, əldə olunan uğurların məhz bu yolun davamı olduğu diqqətə çatdırılıb. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığı və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığı bildirilib. Tədbirdə həmçinin YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.