Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissənin və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının birgə əməkdaşlığı ilə rayonda yerləşən “N” saylı hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “HEYDƏR ƏLİYEV – DAHİ ŞƏXSİYYƏT, UNUDULMAZ LİDER!” mövzusunda tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin rayonda yerləşən “N” saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsi haqqında məlumat verib.
Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Pərvin Gözəlov, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin komandir müavini Tural Kərimli, Şəmkir Təhsil Sektorunun aparıcı məsləhətçisi Azər Məmmədov çıxış edərək Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş bir şəxsiyyət olduğunu vurğulayıblar. Çıxış edən natiqlər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan, müstəqillik və dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu ideologiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıblar.