Çinin xarici ticarət dövriyyəsi artıb


Apreldə Çinin xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. SİA xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Bu dövrdə ixrac 9,3 faiz, idxal isə 0,8 faiz çoxalıb. İxracda əsas yeri (təxminən 60 faiz) maşınqayırma, elektronika məhsulları tutub.

İlin 4 ayında ölkənin xarici ticarəti 2,4 faiz çoxalaraq 14,14 trilyon yuana çatıb. İxrac 7,5 faiz artsa da, idxal 4,2 faiz azalıb.

Qeyd edək ki, bəzi ekspertlər ABŞ ilə Çin arasında ticarət və ya rüsum müharibəsi fonunda Çinin xarici ticarətinin azalacağını proqnozlaşdırırdı. Donald Tramp administrasiyası Çin mallarına tətbiq olunan idxal rüsumlarını mərhələli şəkildə artıraraq 145 faizə yüksəldib. Buna cavab olaraq, Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir. ABŞ Çinin ölkə səviyyəsində ən iri ixrac bazarı, 2-ci ən böyük idxal mənbəyidir.

Ticarət müharibəsi başlayandan bəri tərəflər arasında ilk təmas mayın 10-da İsveçrədə baş tutacaq. Çinin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ tərəfinin istəyi ilə keçiriləcək görüşdə Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ heyətinə isə maliyyə naziri Skott Besent rəhbərlik edəcək. Bu, qlobal iqtisadiyyatı sarsıdan ticarət müharibəsinin həlli istiqamətində ilk addım ola bilər. Cenevrədə keçiriləcək görüşdə daha geniş tarif endirimlərinin müzakirə ediləcəyi gözlənilir.

Əlaqəli Xəbərlər