Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, SƏS Media Qrupu və “SSAL-2” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyada millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri, rayon ictimaiyyəti və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini xüsusi vurğulayıblar.

Tədbirin təşkilatçılarından SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 102 illik yaşı münasibətilə 102 ağac əkilib. Bu ağacların 51-i “küknar”, digər 51-i isə “eldar şamı”dır: “Ulu Öndərimizin ad günü münasibəti ilə Azərbaycan Respublikasının demək olar ki, bütün rayonlarında tədbirlər keçirilir. Bu kimi xeyirxah tədbirlər insanların rahat nəfəs almasına xidmət edir. Hesab edirəm ki, bu xeyirxah işlərdən gələcəkdə hər kəs bəhrələnəcək. Ulu Öndərmizin xalqımız qarşısında xidmətləri çoxdur və onu hər kəs daima yada salacaq. Azərbaycan xalqı uzun illər yaşadıqca və dövlətimiz güclü olduqca hər zaman Ulu Öndərimiz anılacaq və onun ad günləri bu cür qeyd olunacaq.

Həmçinin Ulu Öndərimizin ad gününü Azərbaycan xalqı ənənəvi olaraq bir bayram kimi qeyd edir. Ona görə də Heydər Əliyev ölməz bir şəxsiyyətdir. Onun ölməzliyi əməllərinin yaşamasındadır. Onun əməlləri yaşadıqca Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan xalqının ürəyində yaşayacaqdır”.

Eyni zamanda tədbirin təşkilatçılarından biri olan “SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov bildirib ki, tədbirlə bağlı şirkət olaraq tədbirdə iştirak etməyi özümüzə şərəf duyuruq: “Ulu Öndərin 102 illik doğum günü münasibətilə şirkət və kollektiv olaraq öz təşəbbüsümüzü göstəririk. Ulu Öndərin Azərbaycanın dizaynı, xüsusən müstəqil Azərbaycanın qurulmasında olan xidmətini yüksək qiymətləndiririk. Bizdə Ulu Öndərin davamçıları olaraq onun uğurlu siyasətini və dövlətçilik ənənələrini davam etdiririk.

Cənab Prezidentimiz İlham Əliyevin əldə etdiyi uğurlu nəticələrlə, eyni formada onlarla bərabər dövlət və dövlətçiliyimiz üçün hər zaman üzərimizə düşən bütün məsələlərdə bir yerdəyik”.

Qeyd edək ki, bu cür aksiyalar Ulu Öndər Heydər Əliyevin ətraf mühitə və təbiətə göstərdiyi diqqət və qayğının davamı olaraq mütəmadi şəkildə təşkil olunur və cəmiyyət arasında ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edir.

Əlaqəli Xəbərlər