“Azərbaycan xalqı Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin doğum gününü daim xüsusi fəxr və qürurla xatırlayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dünya durduqca xalqımızın yaddaşından silinməyəcək və qəlbində yaşayacaq: “Məlumdur ki, Heydər Əliyev hələ Dövlət Təhlükəsizliyi Xidməti sıralarında çalışdığı dövrdə daim təhlükəsizlik orqanlarının milliləşməsi ilə bağlı çox ciddi siyasət həyata keçirib. Ölkədə milli kadrların yetişdirilməsi, bu sahədə milli gənclərin, vətənpərvər insanların irəli çəkilməsi prosesi onun əsas iş prinsipi olmuşdur. Ondan sonrakı dövrlərdə də Azərbaycana rəhbərlik etdiyi illərdə, 1969-cu ildən sonra ölkəmizin bütün istiqamətlərdə inkişafına, həm iqtisadi, həm mədəni sahələrdə tərəqqi etməsində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Onun birbaşa rəhbərliyi ilə ittifaq ölkələri arasında geri sıralarda qalmış Azərbaycan qabaqcıl ölkələr sırasına gəlib çatıb.
Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Ulu Öndərimiz həm Sovetlər birliyi ölkələrinə, eyni zamanda Azərbaycanın inkişafına çox böyük diqqət ayırıb. Biz xüsusilə də, Heydər Əliyevin siyasi fəaliyyətinin sonrakı illərdəki dövrünə nəzər salacağıq. Burada Naxçıvan dövrü də çox böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə də Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda qaldırmağa nail olmuşdu. Bu da xalqımızın yaddaşından silinməyəcək hadisə idi. Naxçıvanın müdafiə olunması, erməni işğalçıları tərəfindən Naxçıvanın işğalı ilə bağlı bir çox cəhdlər olmuşdu ki, Ulu Öndərin rəhbərliyi ilə bu hücumların qarşısı alınmışdı.
Sonrakı dövrlərdə də Azərbaycan uçurum qarşısında idi. 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət boşluğu var idi. İnsanlar gələcəyə ümidlərini itirmişdilər. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Həmin dövrdə siyasi ambisiya həyata keçirən, bəzi hallarda isə xəyanətkar mövqe tutmuş şəxslər ölkədə çox ciddi siyasi boşluqlar yaratmışdılar. Ermənistanın işğalçılıq siyasəti həyata keçirilirdi. Bir tərəfdən Azərbaycanın suveren əraziləri durmadan Ermənistan tərəfindən işğal olunurdu, Bakıda isə hakimiyyət davası gedirdi. AXC Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkəmiz məhv olmaq üzrə idi. Bu çətin dövrdə Azərbaycan xalqı böyük oğluna, Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Azərbaycan xalqının dəvəti ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. İlk növbədə vətəndaş müharibəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində ciddi addımlar atdı. Daxili sabitliyin qorunub saxlanılması da əsas məsələlərdən biri oldu. Eyni zamanda cəbhədə də Ermənistanın işğalını dayandırmaq istiqamətində Ulu Öndər çox böyük səylər göstərdi və buna nail oldu”.
“Sonrakı illərdə ilk növbədə iqtisadi tərəqqi Ulu Öndərin uğurlu neft strategiyası, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi və ordu quruculuğu prosesi önəm daşıyan məsələlərdən idi. Ulu Öndər Heydər Əliyevin bu gün Azərbaycanın güclü və qüdrətli olmasında siyasi kursunun bəhrələrini görürük. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasi kursun layiqli davamçısı kimi bu kursa sadiq olan ölkə rəhbəridir. Ölkəmiz dünya birliyində böyük nüfuza malikdir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki inamlı tarixi qələbəsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi məsələsi, iqtisadi yüksəliş Azərbaycanın dünyada artan nüfuzu, dünya miqyaslı layihələrə ev sahibliyi etməsi ölkəmizin bir daha qüdrətini və inkişafını göstərir” – deyə o, əlavə edib.