AZƏRTAC və Vyetnamın VNA agentliyi tərəfdaşlıq müqaviləsi imzalayıb


Xəbər verildiyi kimi, mayın 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Vyetnam Xəbər Agentliyi (VNA) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə mayın 8-də AZƏRTAC-da keçirilən görüşdə mübadilə olunub.

SİA-nın məlumatına görə, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Vyetnamın Bakıda səfərdə olan VNA xəbər agentliyinin Baş direktoru xanım Vu Viet Trang ilə görüşündə agentliklərin əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan və Vyetnam əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini deyən Vüqar Əliyev informasiya sahəsində də münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, AZƏRTAC və VNA uzun illərdir uğurla əməkdaşlıq edir və imzalanan yeni müqavilə bu münasibətləri daha da intensivləşdirəcək, agentliklər arasında informasiya mübadiləsi daha da genişlənəcək.

Qeyd olunub ki, bu il 105 illiyini qeyd edən AZƏRTAC dəyişən informasiya və texnologiya mühitində tərəfdaşları ilə həm xəbər, həm də kadr mübadiləsi sahələrinə diqqəti artırıb. Agentlik 8 dildə xəbər, 5 dildə videoinformasiya istehsal edərək öz kanalları ilə yayır. Eyni zamanda, sosial media və informasiya texnologiyalarındakı yeniliklər Agentliyin fəaliyyətində mütləq şəkildə nəzərə alınır. Məlumat verilib ki, dərin tarixi kökləri olan Azərbaycan mətbuatı bu il 150 illiyini qeyd edəcək. Vyetnam agentliyinin Baş direktoru 2025-ci ilin iyulunda keçiriləcək Şuşa Qlobal Media Forumuna dəvət edilib.

VNA-nın rəhbəri Vu Viet Trang rəqəmsallaşan medianın özünəməxsusluğunu xüsusi vurğulayaraq, belə bir zamanda qarşılıqlı əməkdaşlığın hər iki tərəfə faydalı olacağını söyləyib. Yeni müqavilənin xəbərlə yanaşı, foto və video mübadiləsini də ehtiva etdiyini deyən qonaq bununla ölkələrimiz barədə daha dolğun və dürüst məlumatların yayılacağına əminliyini ifadə edib. VNA-nın bu il 80 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran Baş direktor Agentliyin multimedia məhsullarının istehsalı və süni intellektin tətbiqi sahələrindən danışıb.

Sonra sənədlərin mübadiləsi həyata keçirilib. Yeni əməkdaşlıq müqaviləsi, həmçinin birgə jurnalistika təlimlərinin keçirilməsini, informasiya texnologiyaları, rəqəmsal xidmətlər və yeni texnologiyalar sahələrində təcrübə mübadiləsini də nəzərdə tutur.

Qonaqlar AZƏRTAC-da yaradılan iş şəraiti ilə tanış olublar, onlara redaksiyaların fəaliyyəti, videoxəbər istehsalı, həmçinin muzey barədə məlumat verilib.

Əlaqəli Xəbərlər