“Dayanma qadağan olunmuş yerlərdə avtomobili park etmək qadağandır. Bunun 20 manat cəriməsi var. Avtobus zolaqları isə başqa məsələdir, cəriməsi də artırıldı. Amma istər taksi dayanacağı olsun, istər dayanma qadağan olunmuş yerlər olsun, belə yerlərdə avtomobili park etmək qadağandır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O bildirib ki, dayanma və durma qaydalarını pozan şəxs nəqliyyat vasitəsinin yanında olmadıqda və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdıqda (tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olma), nəqliyyat vasitəsi müvəqqəti olaraq Daxili İşlər Nazirliyinin ən yaxın mühafizə olunan duracağına aparılır və orada saxlanılır: “Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına görə duracağa gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır.
Digər hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə şəxslər 20 manat məbləğində cərimə edilir.
Avtobusların (trolleybusların, tramvayların) dayanacağında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə şəxslər 40 manat məbləğində cərimə edilir.
Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə sürücülər 100 manat məbləğində cərimə edilir.
Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücülər 80 manat məbləğində cərimə edilir.
5.10.3 yol nişanları ilə işarələnmiş, avtobuslar, trolleybuslar və tramvaylar üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə sürücülər 100 manat məbləğində cərimə edilir.
Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə sürücülər 60 manat məbləğində cərimə edilir.
Şəxs dayanma və durma qaydalarını pozmağa fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz”.