“İki ölkə arasında mehriban qonşuluq, dostluq münasibətləri inkişaf edəcək”


“İran və Azərbaycan arasında münasibətlər əvvəlki dövrlərdə ziddiyyətli, problemli olsa da, yeni dövrdə münasibətlərdə yeni bir mərhələ başlanılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu da İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra daha aydın şəkildə müşahidə olunur: “Keçirilən biznes forum, verilən açıqlamalar, mesajlar, bəyanatlar, ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə yönəlmişdir.

Hesab edirəm ki, qarşıdakı dövrdə Bakı və Tehran arasında münasibətlər daha da dərinləşəcək. Artıq bunun işartıları var. Bunun ilkin nəticələri göz qabağındadır. Bank Melli İranın yenidən fəaliyyətə başlaması da bunun bir nümunəsi sayıla bilər. Digər ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş nümunələrin şahidi olacağıq.

İranla Azərbaycan arasında mehriban qonşuluq, dostluq münasibətləri inkişaf edəcəkdir. Bu da dövlətlərin və xalqların rifahına yönəlmişdir. Həm Araz çayı üzərindən tikilən körpülər vasitəsilə avtomobil və dəmir yolunun inşası, Şimal-Cənub nəqliyyat dəhlizi, Xudafərin və Qız qalası hidro qovşaqlarının istifadəyə verilməsi dövlətlər arasında mühüm nəqliyyat, enerji layihələridir. Hesab edirəm ki, bu layihələrin də böyük gələcəyi var”.

Əlaqəli Xəbərlər