Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında dialoq…


Mayın 6-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri (MMU) arasında “Təlim-tədris prosesinin təkmilləşdirilməsi üzrə yüksək dialoq” keçirilib.

Tədbirdə hər iki ölkədən MMU-ların rektorları, baş idarə, idarə rəisləri, təhsil müəssisələrinin rəhbərləri, zabitlər və professor-müəllim heyəti iştirak ediblər.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin institutun ərazisində ucaldılmış abidəsi və şəhidlərin memorial kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Heydər Əliyev adına Hərbi İnstitutun klubunda davam edən tədbirin rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında hərbi təhsil sahəsində yüksək dialoqun keçirilməsini əlamətdar hadisə adlandırıb və hazırda qardaş Türkiyə heyətinin bu tədbirdə iştirakını Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsində təzahürü olduğunu xüsusi vurğulayıb. Hərbi qulluqçuların, xüsusilə də zabitlərin hazırlığının aktual məsələlərini müzakirə etmək üçün təhsil müəssisələri və qoşun növlərini bir araya gətirən bu yanaşmanın Türkiyə təcrübəsi əsasında Azərbaycan Ordusunda ilk dəfə tətbiq olunduğunu qeyd edən general-mayor G.Əbdülov son illərdə keçirilən görüşlərin, təşkil olunan tədbirlərin hər iki qardaş ölkə üçün hərbi təhsil sahəsində səmərəliliyi ilə seçildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan və Türkiyənin uzun illərdən bəri davam edən və bu gün ən yüksək səviyyəsini yaşayan əməkdaşlığının müəyyən hissəsi olan hərbi təhsil sahəsində qazanılan innovativ yeniliklərin tətbiqini iki ölkə arasındakı qardaşlıq bağlarının, sarsılmaz əlaqələrin göstəricisi olduğunu vurğulayıb.

Sonda tədris prosesinin təkmilləşdirilməsi üzrə işçi qruplar tərəfindən planauyğun fəaliyyətlər icra olunub.

Əlaqəli Xəbərlər