“Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır”


“Müasir dövrün ən aktual mövzularından birinə həsr olunmuş bugünkü tədbirdə hər birinizi salamlayır, dəvətə görə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan hüquqşünası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimi zamanı deyib.

O bildirib ki, ilk öncə fürsətdən istifadə edərək media nümayəndələrini “Azərbaycan milli mətbuatının 150 illiyi” yubileyi münasibəti ilə təbrik edir, onlara çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm: “Bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi, habelə medianın insan hüquqlarına təsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Məlum olduğu kimi, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir. Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Media, eyni zamanda effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.

Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi. Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir.

Son illər rəqəmsal texnologiyalara sürətli keçid, media mühitinin müasirləşməsi və bu qəbildən olan digər innovasiyalar keyfiyyətcə yeni media mühitini formalaşdırmaqdadır. Lakin, bu transformasiya fonunda bəzi ciddi risklər də meydana çıxa bilər. Onlar sırasında dezinformasiya, nifrət nitqi, şəxsi həyatın toxunulmazlığına müdaxilə, rəqəmsal təqib, kiberzorakılıq, təhsildən yayındırma, zərərli sahələrə meyillik, aqressiv davranışlara səbəb olma halları ilə bağlı risklər xüsusi ilə qeyd olunmalıdır. Bu səbəbdən media sahəsində fəaliyyət həm hüquqi, həm də etik çərçivələrlə tənzimlənməli, milli-mənəvi dəyərlər nəzərə alınmalı və ən əsası, bu fəaliyyətin həyata keçirilməsi insan hüquqlarına hörmət və riayət edilməsi prinsipləri ilə uzlaşdırılmalıdır.

Nəzərinizə çatdırmaq istərdim ki, Ombudsmanın fəaliyyətində beynəlxalq və yerli media ilə əməkdaşlığın daha sıx və səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu əməkdaşlıq Müvəkkilin fəaliyyətinin beynəlxalq və yerli mediada işıqlandırılması, mətbuatda ictimailəşdirilən problemlərin, media subyektlərinin özlərindən daxil olan müraciətlərin, habelə mediada məlumatların dərc olunması ilə əlaqədar yol verilən insan hüquq pozuntuları hallarının araşdırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində davam etdirilir.

Daxil olan şikayətlər, habelə mediada, sosial şəbəkə resurslarında yayımlanan və şəxslərin, xüsusi ilə də əhalinin həssas qruplarının hüquqlarını pozan, şəxsi və ailə həyatına, şərəf və ləyaqətə toxunan müxtəlif məzmunlu məlumatlarla bağlı tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.

Media nümayəndələrinin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Belə ki, Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququnun təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətləri də araşdırılaraq zəruri tədbirlər görülür.

Bundan əlavə, Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklə təsbit olunması bu sahədə birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır”.

“Müasir dövrdə media və sosial şəbəkə platformaları beynəlxalq və yerli ictimaiyyətin zamanında və dolğun məlumatlandırılması, ictimai rəyin formalaşdırılması nöqteyi-nəzərindən münaqişələrin gedişatında da həlledici vasitəyə çevrilmişdir. Belə ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərin, habelə bu faktlarla bağlı post-müharibə dövründə həyata keçirdiyimiz fakt-araşdırıcı missiyaların mətbuatda işıqlandırılması, müvafiq hesabatların yayımlanması və beynəlxalq ictimaiyyətə çağırışların edilməsi baxımından media subyektləri ilə əməkdaşlığımız öz müsbət nəticələrini vermişdir.

Hesab edirəm ki, media subyektləri üçün insan hüquqları üzrə tematik təlimlərin təşkil olunması, rəqəmsal platformalar üzərindən peşə etikası və hüquqi tənzimləmələr barədə ictimai məlumatlandırma kampaniyalarının həyata keçirilməsi, eləcə də media savadlılığının artırılması üzrə birgə tədbirlərin gücləndirilməsi media sahəsində fəaliyyətin effektivliyinin daha da artırılmasına, media və cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsinə öz müsbət töhfəsini verə bilər.

Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, 18 may – 18 iyun tarixlərində Ombudsman tərəfindən təşkil ediləcək insan hüquqları aylığı çərçivəsində ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, media nümayəndələrini həmin tədbirlərdə aktiv iştirak etməyə dəvət edirəm.

Beləliklə, əminəm ki, bugünkü Forum insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində birgə əməkdaşlığımızın genişləndirilməsinə əlverişli şərait yaratmaqla yanaşı, mediadan düzgün və səmərəli istifadə olunması imkanlarının qiymətləndirilməsi baxımından da faydalı olacaqdır” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər