Bu il aprelin 16-da Azərbaycanda paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə 3 aylıq yağıntı norması qədər yağış yağıb, 17 dağ çayında sel və daşqın baş verib. SİA xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
“Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. Artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir”, – deyə o qeyd edib.
Bundan başqa, M.Babayev deyib ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və yaxud illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 %-i qədər zərər vurub.