“İnvestisiyaların böyük bir həcmi bu sahəyə yönəlib”


“Azərbaycanın enerji sektoru əsasən neft və qaz sektrou üzərində qurulduğuna görə demək olar ki, investisiyaların böyük bir həcmi bu sahəyə yönəlib. 2010-2020-ci illər arasında orta hesabla ölkəyə yatırılan 90 milyard manata qədər investisiyanın 85%-i neft və qaz sektrouna yönəlib. Bizim ölkənin inkişafına uyğun olaraq xarici investisiyalar, həmçinin donor təşkilatları prinsip əsası ilə bu sektora yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycan və dünyanın tanınmış transmilli şirkətləri, həmçinin dövlətləri arasında 7,4 milyard dollar həcmində investisiya üçün “Əsrin müqaviləsi” imzalanıb: “Ümumi qiymətləndirmə isə 13 milyard dollar təşkil etmişdir. ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistan kimi ölkələr həmin “Əsrin müqavilsi”ndə investisiya qoyuluşunda iştirak etmişdir. Bu müqavilə 30 illik imzalanmışdı. Artıq həmin müqavilə yekunlaşıb, lakin işlər tam tamamlanmadığına görə və oraya əlavə investisiyaların qoyulması üçün Azərbaycanla Böyük Britaniyanın “BP” arasında müqavilələr imzalanmışdır. 2013-cü ilin dekabr ayında Azərbaycan dövləti adından Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanmışdır. Eyni zamanda, Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanmışdır. Bununla da, “Şahdəniz” yatağının ikinci fazası çərçivəsində hasil olunacaq qaz blokunun tammiqyaslı işlənməsi və yanacağın ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından strateji marşrut hesab olunan Trans-Adriatik boru kəməri (TAP ) ilə Qərbə nəqli üçün möhkəm zəmin, hüquqi-siyasi bazis yaradılmış oldu. Azərbaycanın və onun tərəfdaşlarının bu addımı mövcud layihənin ən düzgün və yaxşı geoiqtisadi seçim olduğunu təsdiqlədi. Hazırda artıq həmin istiqamətdə Türkiyə və Avropaya qaz ixracı aparılır. Energetika nazirliyinin 2024-cü ilin hesabatına biz baxsaq artıq 13 mld m3 təbii qazın Avropa ölkələrinə nəqlini görə bilərik.

Eyni zamanda transmilli şirkətlərlə Abşeron — qaz-kondensat yatağı barədə razılaşma sənədi imzalanaraq kondensat istehsalına başlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Bu müqavilə SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30% iştirak payının ilə imzalanmışdır və hazırda yataqdan kondensat istehsalı başlanılıb və artmaqda davam edir”.

Ekspert bildirir ki, son illərdə neft-qaz sektoru üzrə investisiya azalma baş verdiyinə görə, əsasən investorlar bərpa olunan enerji sektoruna yönəliblər. Bu istiqamətdə Azərbaycan dövlətinin böyük planları var. Azərbaycan dövləti 2030-cu ilə qədər planlaşdırır ki, istehsal olunann ümumi elektrik enerjisinin 30%-ni bərpa olunan enerji sektorundan alsın. Burada söhbət külək, günəş enerjisindən və su elektrik stansiyalarında istehsal olunan enerjidən gedir. Bu istiqamətdə investisiyalar həddindən artıq çoxdur. Həmçinin Azərbaycan ilə BƏƏ-nin “Masdar” şirkəti arasında çoxillik müqavilələr imzalanmışdır. Onlardan biri 230 meqavat gücündə Qobustanda günəş elektrik stansiyası artıq istifadəyə verilmişdir və tam gücü ilə işləyir. Elə həmin ərazidə əlavə olaraq 100 meqavat gücündə əlavə investisiya yatırılmışdır. Bu da gələcəkdə həmin layihənin böyüdülməsi üçün planlaşdırılmışdır. Eyni zamanda həmin şirkətlə Asiya-İnkişaf bankı və Avropa Yenidənqurma və İnkişaf bankı tərəfindən maliyyələşdirilən layihələr həyata keçirilir. Artıq Biləsuvarda 445 meqavat gücündə GES-nin tikintisi üçün 973 hektar torpaq sahəsidə ayrılıb. Neftçalada isə 315 meqavat gücündə GES-nin tikintisi üçün torpaq sahələri ayrılmışdır”.

Asiya İnkişaf bankı tərəfindən maliyyələşdirilən “Böyük şor” gölü üzərində üzən 160 meqavat gücündə günəş panellərinin quraşdırılması layihəsi həyata keçirilir: “Burada əsas investor Asiya İnkişaf bankıdır. Eyni zamanda Azərbaycan dövləti son dövrlərdə investisiya mühitini yaxşılaşdırmaq üçün Çin şirkətləri ilə danışıqlar aparılır və bu istiqamətdə artıq müqavilələr imzalanıb”.

Əlaqəli Xəbərlər