İnsan alverinə qarşı mübarizə necə aparılmalı?


“İnsan alveri dedikdə – zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, insan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:

1) insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

2) insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

3) insan alverinə görə cəzanın labüdlüyü;

4) hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi;

5) insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi;

6) insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

Dövlət və yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər insan alverinə qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərməlidirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (bundan sonra – Milli Fəaliyyət Planı) insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır.

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər orqanlar) iştirakını və bu qurumların fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsini, insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı insan alverinə qarşı mübarizəni insan alveri ilə bağlı cinayətlərin, habelə insan alveri üzrə mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq yolu ilə həyata keçirir.

İnsan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir.

İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir:

1. insan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması;

2. insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi;

3. qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi;

4. insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi;

5. insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi;

6. insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması;

7. uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi;

8. təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi;

9. təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi;

10. insan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi.

İnsan alverində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər.

Vəzifəli şəxsin insan alverinə şərait yarada biləcək hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

“Eyni əməllər:

1) İki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə;

2) yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

3) təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

4) insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə;

5) qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

6) təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

7) zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;

8) zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunmalıdır ki, insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər