“Azərbaycan bütün dövlətlərlə normal münasibətlərini saxlamağa çalışır və dövlətlər arasında ayrı-seçkilik etmir. Lakin xoşniyyətli və bədniyyətli dövlətlərə bölür və ona uyğun münasibət göstərir. Bu gün dünya və böyük dövlətlərdə çalışırlar ki, bu və ya digər formada Azərbaycanla münasibətləri yaratsınlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, üç böyük dövlət olan ABŞ, Çin və Rusiya Azərbaycan ilə münasibətlərini tam bərabərlik çərçivəsində, səmərəli əməkdaşlıq formatında qurur: “Bəzən deyirlər ki, Azərbaycan Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət yeridir. Amma əslində bu balanslaşdırılmışdan daha çox bütün səviyyədə öz maraqlarına uyğun hərəkət etməkdir.
Çinlə xeyli müddətdir danışıqlar gedirdi və müəyyən münasibətlərimiz var idi. Həmçinin Azərbaycanla Çinin ortaq maraqları mövcuddur. Xüsusən də Orta Dəhliz məsələsi böyük əhəmiyyət kəsb edir. Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Özbəkistan, Azərbaycanın ərazisindən keçməklə Avropaya daxil olur. Yəni bu Orta Dəhlizdə Çinin çox böyük maraqları var”.
Siyasətçi bildirir ki, Azərbaycanında Orta Dəhlizdə çox böyük iqtisadi, həmçinin siyasi maraqları mövcuddur: “Azərbaycan bu layihənin həyata keçirilməsinə tam şəkildə dəstək verir. Azərbaycan Prezidentinin Çinə səfəri zamanı yüksək səviyyədə hiss olundu ki, münasibətlər olduqca səmimidir. İstənilən dövlət Azərbaycanın mövqeyini başa düşüb qəbul edir.
Azərbaycanla Çin arasında çox böyük əhəmiyyətə malik olan birgə əməkdaşlıq haqqında bəyanat imzalandı. Bu bəyanatda bir sıra prinsipial məsələlər öz əksini tapıb. Hər iki tərəf bir-birinin ərzi bütövlüyünə hörmətlə yanaşdığını bildirdi. Bu Azərbaycan üçün olduqca vacib məsələdir. Ermənistan müxtəlif oyunlarla Çin ordusundan dəstək gözləyirdi, lakin Azərbaycan bu bəyənatla Ermənistanın bu niyyətinində qarşısını aldı”.
A.Nağı bildirir ki, demək olar ki Çin regionda Azərbaycanı seçdi: “Azərbaycan isə Çinin olduğu regionda əsas tərəfdaş və əməkdaş kimi onu seçdi. Bu hər iki tərəfdən qarşılıqlı addım oldu və hər iki ölkənin maraqlarına uyğun oldu. Azərbaycan həmçinin Çinin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədi və buna qarşı çıxan dövlətlərə öz reaksiyasını bildirdi. Azərbaycan Prezidenti birmənalı formada Tayvanın Çinin ərazisi olduğunu dəstəklədi və bunun vacibliyini vurğuladı. Bu ABŞ kimi super bir dövlətin xəttinə ziddir. Azərbaycan yenə də göstərdi ki, kimin hansı mövqedə dayanmağının elədə əhəmiyyəti yoxdur”.