Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı Vəliəhd Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb. SİA xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər Azərbaycanla Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsini, eləcə də müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğulayıb.
Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu qeyd olunub.
Bundan əlavə, C.Bayramov Cənubi Qafqazda baş verən proseslər, xüsusilə də Azərbaycanın münaqişədən sonra Qarabağdakı bərpa işləri və sülh səyləri ilə bağlı son məlumatları Küveytin vəliəhd şahzadəsinin diqqətinə çatdırıb.