“Asan yoldan pul qazanmaq sevdasına düşənlər çoxalır”


“Əmək insanın zinətidir, insanın xarakterini formalaşdıran əsas amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, zəhməti sevən insan təbiətə, insanlara pislik etməz, zəhmətin nə oldğunu bilən insan bu dünya üçün lütfdür, bəxşişdir: “Əmək bizi tərbiyə edir, desək, yanılmarıq. Zəhmətkeş insanın mənəviyyatı, əxlaqı zəhmətinə bərabər olur, o əməyin nə olduğunu bildiyi üçün xarakterinə də əmək yoğrulur. Bu dünya əməyi ilə həyatını qazanan insanların sayəsində öyrənib əzmin, iradənin, qətiyyətin, məsuliyyətin nə olduğunu. Biz zəhmətin sayəsində öyrənirik problemlərin həllini.

Bu günün yaranması tarixi, əhəmiyyəti, insanlara ötürdüyü mesaj əhəmiyyətlidir. Dünya əməklə qurulub, insan zəhməti var hər daşda, hər tikilidə. Amma indi əməkdən uzaqlaşan bir nəsil formalaşıb, əl əməyinin nə olduğunu bilməyən insan çoxalır. Asan yoldan pul qazanmaq sevdasına düşənlər, oturduğu yerdən qazanc əldə etmək istəyənlər, sosial şəbəkələrdə oturub başqalarının göndərdiyi hədiyyələr hesabına həyatını yaşayanlar çoxalır.

May ayının 1-i dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu günün məqsədi zəhmətkeşlərin haqqını tanımaq və onların hüquqlarını müdafiə etməkdir. Əvvəlcə müasir Avropa ölkələrində 1 May bahar bayramı kimi qeyd olunurdu. 1 May zəhmətkeşlərin günü kimi tanınmağa 19-cu əsrin sonlarında başladı. 1886-cı il mayın 1-də Çikaqoda işçilər səkkiz saatlıq iş günü və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə başladılar. Polislə toqquşmalar bir neçə gün davam etdi və mayın 4-də kulminasiya nöqtəsinə çatdı və 100-dən çox adam yaralandı. Bu hadisənin xatirəsinə 1889-cu ildə İkinci Beynəlxalq Paris Konqresi hər il mayın 1-də qeyd edilməli olan Beynəlxalq Zəhmətkeşlər Gününü təsis etdi”.

Əlaqəli Xəbərlər