QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb


Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum aprelin 29-da işini panel iclaslarla davam etdirib. SİA xəbər verir ki, COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı Katibliyinin rəhbəri Leyla Həsənova və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairinin moderatorluğu ilə keçirilən paneldə “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb.

Paneldə çıxış edən İqlim Fəaliyyətləri üçün Liberiya Gəncləri səfiri Ezekiel Nyanfor ikili standartların aradan qaldırılması və ədalətli inkişaf baxımından Forumun körpü rolunu oynadığını bildirərək deyib: “Cənub və Şimal coğrafiyalarının öz problemlərini bölüşmələri üçün buranın ideal platforma olduğunu düşünürəm. Hər iki tərəf ikili standartlardan uzaqlaşmalıdır”.

Bəhreynin Birgə Yaşayış Proqramı üzrə Baş jurnalisti Fatima Al Najem qeyd edib ki, Azərbaycan Qlobal Cənubun səsini dünyaya çatdırmaq üçün çox önəmli platforma yaradıb. Bu təşəbbüs yalnız siyasi və diplomatik əhəmiyyət daşımır, bu, eyni zamanda, QHT-lərin öz aralarında dialoq qurmaları, təcrübə bölüşmələri və birgə fəaliyyət göstərmələri üçün dəyərli məkandır. Bu platforma bizi birləşdirən, bizi gücləndirən yoldur.

Serbiyanın İnsan Hüquqları Uğrunda Gənclər Təşəbbüsünün hüquq müdafiəçisi Petkoviç İsidora beynəlxalq münasibətlərdə ikili standartların artıq adi hal aldığını vurğulayıb. Onun sözlərinə görə, insan haqları, iqlim ədaləti, inkişaf hüququ kimi anlayışlar bəzi ölkələr üçün prinsip, digərləri üçün isə, sadəcə, vasitə kimi istifadə olunur: “İkili standartlar bizə deyir ki, bəzi ölkələrin suverenliyi vacibdir, digərlərininki yox. Bəzi xalqların ağrısı görünməyə dəyərdir, digərlərinki isə statistikadır”.

Belarus Gənclər Təşkilatları Komitəsinin sədri Pavel Alekso gəncləri gələcəyin qurucuları kimi dəyərləndirib. O qeyd edib: “Belarus gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bizim gənclərimiz bir çox təşəbbüslərdə fəal iştirak ediblər. Bu da göstərir ki, gənclər sərhəd tanımırlar. Onların potensialı beynəlxalq əməkdaşlıq vasitəsilə daha da güclənir”.

Cibutinin “Bab Et Mandeb” Assosiasiyasının nümayəndəsi Abdira Gueh Ragueh yoxsul ölkələrin inkişaf etmələri üçün maliyyə dəstəyinin vacibliyini qeyd edib. Deyib ki, əsl dəyişiklik, əsl davamlı inkişaf yerli səviyyədə, xalqın içindən çıxan həll yolları ilə baş verir. İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yanaşmalardan biri lokal resurslardan istifadə, yerli biliklərə və təcrübəyə əsaslanmaqdır. Çünki hər bir cəmiyyətin özünəməxsus şəraiti və ehtiyacları var. Məhz buna görə problemlərin həllini yalnız kənardan gözləməməli, eyni zamanda, öz içimizdən, öz icmalarımızdan gələn həlləri gücləndirməliyik.

Niger Milli Gənclər Şurasının nümayəndəsi Aliou Omarou qeyd edib ki, münaqişələr, çətinliklər ən çox yerli əhaliyə təsir edir. “Mənim ölkəmin olduğu bölgə – Sahel və Qərbi Afrika iqlim dəyişikliyindən ən çox əziyyət çəkən coğrafiyalardan biridir. Amma Qərb ölkələri bu vəziyyətə, sadəcə, baxmaqla kifayətlənirlər. Bizim torpaqlarımız qızıl, uran, neft, qaz və digər təbii ehtiyatlarla zəngindir. Ancaq bu sərvətlər bizə firavanlıq yox, istismar gətirib. Resurslarımız gizli şəkildə illərlə Qərb ölkələri tərəfindən istismar olunub. Bu istismar fəaliyyəti yalnız iqtisadiyyata deyil, həm də iqlimə böyük ziyan vurub. Daha acınacaqlı hal odur ki, Azərbaycan kimi ölkələr bizə yardım etmək istədikdə, “qarışmayın” deyirlər. Çünki bu yardım onların maraqlarına ziddir”.

Panel iclası müzakirələrlə davam etdirilib.

Əlaqəli Xəbərlər