Azərbaycan və Banqladeş XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə hökumət missiyası Banqladeşdə səfərdə olub. Bu barədə SİA-ya Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, səfər zamanı E.Məmmədov Banqladeş Müvəqqəti hökumətinin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunus tərəfindən qəbul edilib. Həmçinin nazir müavininin xarici işlər naziri Touhid Hossain ilə ikitərəfli görüşü keçirilib. Görüşlərdə Banqladeş tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlər müzakirə edilib.

Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan ilə Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Banqladeş xarici işlər katibi Caşim Uddin rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi-ticarət, eneri, turizm, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbət dəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstək fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Banqladeşin müvafiq dövlət qurumları arasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib. Banqladeşin İnvestisiya İnkişafı İdarəsində baş tutan dəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər.

Səfər çərçivəsində E.Məmmədov Banqladeşin Xarici Siyasət Akademiyasının rəhbəri ilə də görüşüb və Akademiyanın tələbələri qarşısında “Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə ilə çıxış edib.

Əlaqəli Xəbərlər