“Bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən, ailələrin sosial rifahını möhkəmləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır”. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb: “İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq. Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxır. Buradakı məsələlər kollektiv müqavilələrdə də öz əksini tapmalıdır. Rəqəmsal mühitə əməkçiləri hazırlamalıyıq. İnsanların “smart kənd”də yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Orada yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir”.