“Ölkələr qarşısında duran əsas vəzifələrdən biri insan resurslarının sözügedən transformasiyaya hazırlığını təmin etmək, əhalinin rəqəmsal savadlılığını artırmaq, yeni bacarıqların formalaşdırılması üçün davamlı təhsil və ixtisasartırma imkanlarını genişləndirməkdir. Rəqabətli insan kapitalının formalaşdırılmasının növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetindən biri olmasını əsas tutaraq, Azərbaycanda da bu istiqamətdə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılmaqda, təşəbbüslər həyata keçirilməkdədir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu ilin fevral ayında Dünya İqtisadi Forumu ilə mövcud olan əməkdaşlıq əlaqələri daha da genişləndirilərək Azərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi: “Bu platforma Azərbaycanın qlobal bilik və mübadilə şəbəkəsinə qoşulması ilə bağlı təşəbbüslərinə dəstək olacaqdır. Bu təşəbbüs, həmçinin, innovasiya və bacarıqların inkişafı sahəsində dövlət və özəl sektor üçün yeni imkanlar yaratmaq və müasir bacarıqlar ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyır.
Bununla yanaşı, ötən il ABŞ-ın qabaqcıl tədris platformalarından sayılan və qlobal miqyasda 162 milyondan artıq istifadəçiyə malik Coursera şirkəti ilə əməkdaşlıq çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verildi. Bu təşəbbüsün məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək idi. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlandı. Layihənin cari ildə davamı olaraq, cari ildə dövlət-özəl tərəfdaşlığı çərçivəsində Milli Proqram layihəsinə start verildi. Bu layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub”.