Prezidentin Çinə səfəri tərəfdaşlığın dərinləşməsinə xidmət edir


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətləri, istər iki tərəfli, istər beynəlxalq əməkdaşlıq, gələcək perspektivlər və s. məsələlərlə bağlı Azərbaycan dövlət başçısının yanaşmaları və mövqeyi dünya ictimaiyyətinə açıqlanıb.

Müsahibəsində ilk növbədə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə toxunan və imzalanan bu Bəyannaməni tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, imzalanan bəyannamə əməkdaşlığı gələcəkdə də genişləndirməyi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirəməyi, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etməyi nəzərdə tutur. Bu bəyannamə eyni zamanda qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsiplərini özündə əhatə edən strateji tərəfdaşlığı, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn vacib və etibarlı işbirliyini əhatə edir.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyimizi bildirən Azərbaycan Prezidenti, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyimizi, münasibətlərimizin çox müsbət dinamikaya malik olduğunu qeyd etdi.

Müsahibəsində ötən il Azərbaycanda keçirilən COP 29 haqqında danışan Prezident İlham Əliyev, tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT nümayəndəsinin iştirak etdiyini söylədi İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılmasın, İtki və Zərər Fondunun fəaliyyətə başlamasını, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılmasını COP29 çərçivəsində qəbul edilən mühüm qərarlar adlandırdı.

Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, ölkəmizin bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Prezident, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığını ifadə etdi.

Müsahibəsində Çin ilə Azərbaycan arasındakı ticarət tərəfdaşlığına toxunan Azərbaycan Prezidenti, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil etdiyini açıqladı. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycanda hazırda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Prezifent İlham Əliyev, Çin Xalq Respublikası Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın bu istiqamətdə ciddi praktik layihələr həyata keçirdiyini açıqladı. Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.

“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Azərbaycanın Qlobal Cənubdakı rolu və fəaliyyəti haqqında da danışan Prezident, ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə birlikdə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdiyimizi, sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində durmadan çıxış etdiyimizi vurğuladı və dedi: ‘Qlobal Cənubun maraqlarını müdafiə edən Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Müsahibəsinin sonunda bir daha geniş spektrli Azərbaycan-Çin əməkdaşna toxunan Prezident İlham Əliyev Çini dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri adlandırdı. Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərləri zamanı keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar bunu deməyə əsas verir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İnanırıq ki, bu səfər də, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəkdir.

Jalə Əliyeva

Millət vəkili, Milli Məclisin ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

Əlaqəli Xəbərlər