Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi həm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburi olacaq. SİA xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze məlumat verib.
Onun sözlərinə görə, bu qərar 2025-ci ilin sentyabrında qüvvəyə minəcək.
Nazir deyib ki, kompüter texnologiyası 10-cu sinfə qədər şagirdlər üçün icbari fənn olacaq. Son iki ildə – 11 və 12-ci siniflərdə fənnin dərindən öyrənilməsi seçmə xarakter daşıyacaq. Məktəblər bunun üçün lazım olan bütün kompüter avadanlığı ilə mərhələli şəkildə təmin olunacaq.
Nazir əlavə edib ki, bu tədris ilində Gürcüstanda 100-ə qədər məktəb təmir edilərək tikilib və lazımi infrastrukturla təmin olunub. Gələn il də nazirlik məktəblərin yenilənməsini eyni yüksək templə davam etdirəcək.
2025-ci ilin sonuna kimi daha 50 məktəb tikiləcək və əsaslı təmir ediləcək.
Qeyd edək ki, Gürcüstanda məktəb təhsili 12 il davam edir və ibtidai, əsas və orta təhsilə bölünür. İbtidai təhsil 1-6-cı sinifləri, əsas təhsil 7-9-cu sinifləri, orta təhsil isə 10-12-ci sinifləri əhatə edir.