“Təxribatlar siyasi alətlər sırasında çox tez-tez istifadə olunan vasitədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, burada böyük və kiçik dövlətlər müxtəlif istiqamətlərdə, müxtəlif hədəflər çərçivəsində bundan istifadə edirlər. Amma Ermənistanın fərqli cəhəti odur ki, Ermənistanın siyasəti bütövlüklə təxribatlardan ibarətdir. Onlar bu aləti istifadə etməkdən yorulmurlar. Əlbəttə, buna əsas səbəb ondan ibarətdir ki, Ermənistan öz xeyrini gözünün, ayağının altında görə bilmədiyindən xarici qüvvələrə pənah gətirir və onların sözü ilə oturub-durur, onların idarəçiliyinə tabe olur. Bu, ilk növbədə Ermənistanın subyektivliyini itirməsi anlamına gəlir. Çünki müstəqil dövlət heç vaxt öz müqəddəratını, taleyini başqa qüvvələrə verməz. Məhz bu zəmindədir ki, biz Azərbaycan olaraq tam müstəqil dövlətik, Ermənistandan fərqli olaraq. O artıq məcburdur, özgə qüvvələrin dediyi ilə oturub-dursun. Ona görə də, sülh müqaviləsində son mərhələdə heç Ermənistanla razılığa gələ bilmirik. Yəni burada sabotaj elementləri də var, burada süründürmə də var və s.
Nə vaxta qədər Ermənistan bunlardan istifadə edəcək? O zamana qədər ki, Ermənistan özgələrin yedəyindən düşmür, öz yerişi, öz addımı ilə hərəkət etməyə başlayacaq. Ona qədər əgər bu baş verməsə, Ermənistan həmişə təxribatların girdabında qalacaq və bölgə dövlətləri üçün də problemli şəraiti formalaşdırmaqda israrlı olacaq. Amma burada bir məsələ də var. Gərək Ermənistanın siyasi rəhbərliyi, siyasi elitası bir şeyi anlasın ki, təxribatlarla heç vaxt uzun sürən yolu keçmək olmaz. Çünki onlar istər-istəməz bumerang effekti və yenidən özünə qayıdır.
İkincisi, hədəflərə çatmaqdan ötrü təxribat yolu, hilə, yalan yol özünü doğrultmur. Hədəflərə doğru əgər onlar sağlam hədəflərdirsə, ancaq insanları, toplum və xalqları mərdlik, ədalət prinsipinə inam, ona söykənmək kimi keyfiyyətlər bu yolları asanlaşdırır. Hələ ki, biz görürük ki, Ermənistan Fransanın, Hindistanın, Yunanıstanın, digər ölkələrin diktəsi ilə hərəkət edir. Digər tərəfdən də öz ölkəsinin daxilində hakim qüvvələr heç bir şey edə bilmirlər ki, insanların həyatına bir xoş ovqat gətirsinlər, onların rifahını yüksəltsinlər, onlara ümid versinlər ki, gələcəkdə artıq biz nə Azərbaycan, nə Türkiyə, nə Gürcüstan, nə də digər ölkələr ilə müharibə müstəvisinə çıxmayacağıq. Amma məhz elə o təxribatlara meyilli olduqlarında demək olar ki, hər gün bunlar yeni toqquşmaların, münaqişəli vəziyyətlərin, ümumiyyətlə, müharibənin ehtimalını yüksəldərək gedirlər”.
“İlk növbədə bu, Ermənistanın özü üçün böyük təhdiddir. Çünki biz onların dəfələrlə təxribatlarını görmüşük. Onlara tutarlı cavablar vermişik. Nəhayət, elə təxribatlar aramsız şəkildə yer aldı deyə, İkinci Qarabağ müharibəsi gündəmə gəldi. Azərbaycan hücum əməliyyatını Prezident İlham Əliyevin əmri ilə həyata keçirdi. Biz öz sözümüzü dünya birliyi qarşısında inamlı şəkildə dedik. Ermənistan bu təxribatların son nəticəsindən gərək özü üçün məntiq çıxara bilsin. İnsanlar səhv edirlər, amma səhvlər müvəqqəti olanda insanlar düz yola qayıtmağı bacarırlar. Amma siz bilə-bilə səhv yoldasınızsa, bu istiqamətdə sizi uğur gözləyə bilməz.
O çağa qədər ki, Ermənistan bu təxribat məsələlərində xarici qüvvələrin əlində alət kimi qalacaq və mən onların sonunu görmürəm. Lakin yaxşı olar ki, heç olmasa siyasilər erməni xalqını da fikirləşsinlər ki, bu xalqa birinci, sabitlik, dinclik, ikincisi isə, mübadilə lazımdır. Əgər siz inteqrasiyadan danışır, Avropa İttifaqına yürüyüş edir və yanınızda olan ölkələr ilə münasibət qurmağı bacarmırsınızsa, hansı inteqrasiyadan nə qazana bilərsiniz? Deməli, inteqrasiya məsələsi sizin üçün bir söz oyunudur. Həqiqətən də, burada mürtəci qüvvələrin əlində oyuncağa çevrilməklə bölgəni gərgin şəkildə saxlamağa çalışırsınız, sabitliyi pozasınız. Bu yolun da sonu yoxdur” – deyə o, əlavə edib.