Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.
Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.
Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:
– maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;
– uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.