Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov, qurumun məsul əməkdaşları və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Gürcüstana səfər çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində olublar.
SİA xəbər verir ki, mərkəzin sədri Leyla Əmrəhova bildirib ki, Azərbaycan dövləti tərəfindən Gürcüstanda azərbaycanlı gənclərin bir araya gəlməsi və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür, bir sıra mərkəz, dərnək və birliklər açılır. Həmçinin Azərbaycan və Gürcüstan gənclərinin bir-birlərinə daha da yaxınlaşmaları məqsədilə tədbirlər görülür. L.Əmrəhova əlavə edib ki, “Alyans” Gənclər Mərkəzində gənclərə Azərbaycan dili, tarixi və mədəniyyəti barədə məlumatlar verilir, dərslər keçirilir.
Daha sonra adıçəkilən mərkəzdə fəaliyyət göstərən soydaşımız Raul Əliyev tərəfindən yaradılmış “Qlobal Təhsil Assosiasiyası”nın təqdimatı olub. R.Əliyev deyib ki, assosiasiyanın məqsədi Gürcüstanda yaşayan azərbaycanlı şagird və tələbələrin inkişafına dəstək olmaqdır. “Tələbələrə təhsillə bağlı düzgün istiqamət verəcəyik. Onların bilik və bacarıqlarını artırmaq məqsədilə təlim, seminar və konfranslar təşkil edəcəyik. Eyni zamanda, soydaşlarımızın təhsil və karyera ilə bağlı qarşılaşdıqları çətinliklərin həllinə çalışacağıq”, – deyə R. Əliyev bildirib.
DİDK-nın sədr müavini V. Seyidbəyov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında qədim tarixə söykənən səmərəli dostluq, qardaşlıq münasibətləri mövcuddur və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür. ”Azərbaycan – Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Əlaqələrin hazırkı səviyyəsinə görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. İki ölkə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri, eyni zamanda, regionda cərəyan edən proseslər Azərbaycan və Gürcüstan gənclərinin daha yaxından əməkdaşlığını zəruri edir”, – deyə sədr müavini vurğulayıb.