Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb


“Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin kreativ və yenilikçi təşəbbüsləri həm bizneslərini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, azad olunmuş ərazilərimizdə bu təşəbbüslərin çox uğurlu nümunələri var”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur Əliyev deyib.

Onun sözlərinə görə, iş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar: “Bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə artıq sənaye parkları arasında ikincidir. Artıq burada istehsal olunan məhsullar yerli bazara çıxarılmaqla yanaşı, xaricə də ixrac olunur.

Vacib nəqliyyat qovşaqlarının üzərində yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da sahibkarlara yeni fürsətlər təqdim edir. Sizləri bu ərazilərdəki fürsətləri lazımınca dəyərləndirməyə, daha fəal təşəbbüslərlə çıxış etməyə dəvət edirik.

Azərbaycan iqtisadiyyatı mühüm inkişaf mərhələsinə qədəm qoyub. Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq texminen 26%, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5% artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Yüksək valyuta ehtiyatları ölkənin iqtisadi sabitliyini göstərir və bu da yerli və xarici investorlar üçün cəlbedici mühit yaradır. Özəl sektorun ÜDM-də payı 83%, məşğulluqda isə 78%-dən artıqdır”.

Əlaqəli Xəbərlər