Tramp: Krım müzakirə mövzusu deyil


“Krım illər əvvəl Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib.

“Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas sualtı bazaları da olub. Məhz Zelenskinin bu açıqlaması kimi qızışdırıcı bəyanatlar müharibənin həllini çətinləşdirir. Onun öyünmək üçün bir şeyi yoxdur. Ukrayna üçün vəziyyət ağırdır. O, ya sülh əldə edə bilər və ya bütün ölkəni itirənə qədər daha üç il mübarizə apara bilər”.

O bildirib ki, əsas məsələ heç bir səbəb olmadan həftədə orta hesabla ölən beş min rus və ukraynalı əsgəri xilas etməkdir: “Zelenskinin bu gün verdiyi bəyanat “ölüm meydanı”nı uzatmaqdan başqa heç nə etməyəcək və bunu heç kim istəmir. Biz sövdələşməyə çox yaxınıq. “Oynamaq üçün kartı olmayan” adam indi buna getməlidir. Mən bu problemdən qurtulmaq üçün Ukrayna və Rusiyaya kömək etmək istəyirəm”

Əlaqəli Xəbərlər