Mən əslən hindistanlı olsam da Birləşmiş Krallıqda işləyirəm. Azərbaycan səfər etdiyim 57-ci ölkədir. Hindistanlılar üçün Azərbaycan çox məşhurdur. Lakin biz Azərbaycan deyəndə Bakını, onun Alov qüllələrini, fəvvarələri təsəvvür edirik.
SİA-nın məlumatına görə, bunu Ağdama səfər edən hindistanlı səyyah Sravankumar Tanniru təəssüratlarını bölüşərkən deyib.
Dünya səyahətçiləri ilə birgə Qarabağa səfər edən hindistanlı səyyah bu bölgənin turizm əhəmiyyətini yüksək qiymətləndirib: “Ölkənin bu hissəsi çox fərqlidir, hətta heyrətamizdir. Bunları görmək çox möhtəşəmdir. Yalnız üç ildə bu qədər inkişaf təqdirəlayiqdir. Bu ölkənin çox qədim tarixi var və bir çox turist bundan xəbərdar deyil. Biz Azərbaycan deyəndə, təəssüf ki, neft, turizm yerləri və İçərişəhəri düşünürük. Ağdamda olan yenidənqurma işlərinə gəldikdə isə hökumətiniz möhtəşəm işlər görüb. Onlar turizmi dəstəkləyirlər. Ümidvaram ki, bu ərazilər də tezliklə turistlərin üzünə açılacaq”.
Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.