2024-cü ildə İngiltərə və Uelsdə şəxsi əmlakın oğurlanması halları ötən illə müqayisədə 22 faiz artıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.
Rəsmi statistikaya əsasən, ötən il polis tərəfindən 152 min 416 şəxsi oğurluq hadisəsi qeydə alınıb ki, bu da 2003-cü ildən etibarən tətbiq edilən mövcud məlumat toplama metodları çərçivəsində ən yüksək göstəricidir.
Mağaza oğurluqları da artmaqda davam edir. Bildirilib ki, ilk dəfə olaraq bu kateqoriyada yarım milyondan çox hadisə qeydə alınıb.
Digər tərəfdən, qətl hallarının sayı son on ilin ən aşağı səviyyəsində olub, ümumi cinayət göstəriciləri isə pandemiya öncəsi dövrə nisbətən aşağı qalmaqda davam edir. Ümumilikdə, cinayət səviyyəsi 1990-cı illərin ortalarından bu yana 75 faizdən çox azalıb.
Polis 2024-cü ildə 54 min 587 bıçaqla bağlı cinayət hadisəsi qeydə alıb ki, bu da əvvəlki ilə nisbətən 2 faiz artım deməkdir. Atəşli silahla bağlı cinayətlər isə 20 faiz azalıb.