Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır


Fransanın keçmiş Afrika müstəmləkələrində nüfuzunu itirdiyi bir vaxtda Ankara bu qitədə təsirini artırır. SİA xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Məqalədə Fransa hərbçilərinin, bəzi hallarda isə diplomatlarının Mali, Niger, Çad, Burkina-Faso, Seneqal və Fil Dişi Sahilindən çıxarıldıqları xatırlanır. Nəşr qeyd edir ki, bu ölkələr bir neçə il öncə Fransanın əsas tərəfdaşları hesab olunurdu.

Qəzet Burkina-Faso nümunəsini misal çəkib. Orada 2022-ci ilin sentyabrında hakimiyyətə gələn hərbçilər cəmi bir neçə ay sonra, yəni 2023-cü ilin yanvarında Parislə hərbi əməkdaşlıq sazişini ləğv edib və Fransanın səfirindən dərhal ölkəni tərk etməsini tələb ediblər. Nəticədə diplomatlarla yanaşı, “Sabre” əməliyyatında iştirak edən 400 fransız əsgəri də Burkina-Fasonu tərk edib.

Qəzet yazır ki, hazırda Burkina-Faso ilə əməkdaşlıq Türkiyənin Afrika siyasətində əsas prioritetlərdən biridir. Bunun bariz nümunəsi kimi Türkiyə xarici işlər nazirinin müavini Bürhanəddin Duranın aprelin 24-də Uaqaduquya planlaşdırılan səfəri göstərilir.

Türkiyə nümayəndə heyətinin səfər proqramına Burkina-Fasonun xarici işlər naziri Karamoko Traore ilə, eləcə də keçid dövrü hökuməti və parlamentinin üzvləri ilə görüşlər daxildir.

Qəzet Ankaradakı diplomatik mənbələrə istinadən yazır ki, Türkiyə Burkina-Faso ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq qurmağa çalışır. Bu əməkdaşlıq təbii sərvət yataqlarının işlənməsi, ticarət, təhsil və səhiyyə sahələrini əhatə edir.

“Türkiyə hər fürsətdə Afrika ölkəsinin terrorizmlə mübarizə səylərinə dəstək verməyə hazır olduğunu vurğulayır. Qərbi Afrikada və xüsusilə Sahel bölgəsində sabitlik qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır”, – deyə Ankaradakı mənbələr vurğulayıblar.

Ötən ilin yekunlarına əsasən Türkiyənin Burkina-Fasoya ixracı 167 milyon dollar, idxalı isə 4 milyon dollar təşkil edib.

Qeyd edək ki, Burkina-Fasonun xarici işlər naziri bu günlərdə Antalyada keçirilən diplomatik foruma da qatılmışdı.

Əlaqəli Xəbərlər