Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Çinin “Şencou-20” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie stansiyaya keçərək, “Şencou-19”un 6 aydır stansiyada olan astronavtları ilə görüşəcəklər.

Qeyd edək ki, “Şencou-20” missiyasını kosmosa aparan daşıyıcı raketin buraxılışı aprelin 24-də yerli vaxtla saat 17:17-də Ciuquan kosmodromunda baş tutub. Buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olub.

“Şencou-20” missiyası “Şencou-19” missiyasının astronavtlarını əvəzləyərək, 6 ay kosmik stansiyada qalacaq, müxtəlif tədqiqat və texniki tapşırıqları, o cümlədən bioloji və fiziki araşdırmalar, texnoloji eksperimentlər yerinə yetirəcəklər. Bu, Çinin orbitə göndərdiyi 15-ci pilotlu missiyasıdır.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.

Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

Əlaqəli Xəbərlər