Avropa Komissiyası on ildən artıq istismarda olan avtomobillər üçün illik məcburi texniki baxış tətbiq etməyi planlaşdırır. Yeni təşəbbüsün məqsədi yol-nəqliyyat hadisələrinin və qəza qurbanlarının sayını azaltmaqdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti və üzv dövlətlərin razılığı tələb olunur. Hazırda bir çox Avropa İttifaqı (Aİ) ölkəsində köhnə avtomobillər hər il texniki baxışdan keçirilir. Köhnə avtomobillər nasaz və qəza riski yüksək olmasından əlavə ətraf mühitə daha çox zərərli maddə buraxır.
Aİ-nin Texniki Nəzarət Birliyinin məlumatına əsaəsn, 10–11 yaşlı avtomobillərin təxminən dörddəbirində ciddi nasazlıqlar qeydə alınır. TÜV bu cür avtomobillər üçün illik texniki baxışın məcburi qaydada həyata keçirilməsini bir müddətdir təklif edir. Lakin bəzi peşəkar birliklər bu təşəbbüsə tənqidi yanaşır. Onların fikrincə, köhnə avtomobillərin daha çox qəza törətdiyini sübut etmək çətindir.
Hazırda Almaniyada avtomobillər yaşından asılı olmayaraq, hər iki ildən bir texniki baxışdan keçir. Yeni avtomobillər üçün isə ilk texniki baxış üç ildən sonra həyata keçirilir.