Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi


Çinin şərqində yerləşən Anhoy vilayətinin Fuyan şəhərindəki xəstəxana regionda ilk dəfə alkoqol asılılığının müalicəsi məqsədilə implant yerləşdirmə əməliyyatı həyata keçirdiyini bildirib. SİA “China Daily” nəşrinə istinadla xəbər verir ki, bu cihaz spirtli içkilərə qarşı psixoloji asılılığı azaldan dərman olan naltreksonla dolu kapsullardan ibarətdir.

Çip soya dənəsi ölçüsündə 10 qranuldur və qarın nahiyəsində dərialtı piy təbəqəsinə kiçik bir kəsiklə yerləşdirilir. Kapsullar tədricən naltrekson hidrokloridi ifraz edir, bu maddə isə beyindəki opioid reseptorlarını bloklayır. Effekt 4 saat ərzində hiss olunur və altı aydan artıq müddətdə davam edir, beləliklə residiv riskini azaldır.

Əməliyyat olunan şəxs gündəlik olaraq 0,5–1 litr güclü spirtli içki qəbul edirdi ki, bu da aqressiya və ailədaxili münaqişələrə səbəb olurdu. İyirmi il ərzində o, 9 dəfə xəstəxanada müalicə almış, lakin nəticə əldə edə bilməmişdi. Əməliyyatdan sonra onun spirtə olan meyli xeyli azalıb. Bu cür implantlara sahib digər pasiyentlər də bildiriblər ki, artıq alkoqolun qoxusu belə onlarda iyrənmə hissi yaradır.

Əlaqəli Xəbərlər