Azərbaycan və Çin iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirməyi, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlığa, həmçinin kibertəhlükəsizlik kimi çağırışlara qarşı birgə mübarizə aparmağı zəruri hesab edirlər. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin sədri Si Cinpinin aprelin 23-də keçirilən danışıqların yekunlarına dair birgə bəyanatında bildirilib.
“Tərəflər terrorizm, separatizm və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğulayıblar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir”, – sənəddə qeyd edilib.
Bununla əlaqədar tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.
Bundan əlavə, Bakı və Çin humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
“Bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır”, – bəyanatda qeyd edilib.