“Ukrayna Rusiya ilə mülki obyektlərə uzaqmənzilli zərbələrin yasaqlanmasını nəzərdə tutan qismən atəşkəsin başlanması üçün dialoqa hazırdır”. SİA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında deyib.
“Məhz Moskvadan Rusiya ordusuna atəşin dayandırılması barədə real əmr gəlməlidir və əgər belə sərt əmr yoxdursa, sükut da olmayacaq”, – dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Pasxa bayramında hava həyəcanı olmayıb və cəbhənin bəzi sahələrində döyüş əməliyyatları dayanıb:
“Rusiya Ciddədə danışıqlar zamanı atəşkəs barədə təkcə Amerikanın təklifini deyil, həm də dünən Pasxadan sonra da sükutla bağlı təklifi rədd edib. Lakin Ukrayna ən azı mülki infrastruktura zərbələr endirməmək təklifini saxlayır. Və biz Moskvadan dəqiq cavab gözləyirik. Biz bunun necə təmin ediləcəyi barədə istənilən danışığa hazırıq”.
O qeyd edib ki, belə bir atəşkəs üçün ən sadə yol raket və uzaqmənzilli dronlarla zərbələrin dayandırılmasıdır.