Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyada ilk olaraq yeni qanunvericiliyin hazırlanması, həmçinin mövcud qanunların yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsi üçün süni intellektdən (Sİ) istifadə etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qəzet BƏƏ-nin bu planlarını “texnologiyaya milyardlarla dollar sərmayə yatıran ölkənin radikal cəhdi” adlandırır. “Yeni süni intellekt əsaslı qanunvericilik sistemi bizim qanunları necə yaratdığımızı dəyişəcək, bu prosesi daha sürətli və dəqiq edəcək”, – deyə ölkənin Baş naziri Məhəmməd bin Rəşid Əl Maktum bildirib.
Hökumətin gözləntilərinə görə, süni intellekt “qanunvericiliyin müntəzəm olaraq yenilənməsini təklif edəcək” və qanunvericilik prosesini 70% sürətləndirəcək. Texnologiya vasitəsilə BƏƏ vətəndaşlara və ölkə iqtisadiyyatına qanunların təsirini izləməyi, həmçinin federativ və yerli qanunların, məhkəmə qərarlarının və dövlət xidmətlərinin geniş bir məlumat bazasını yaratmağı planlaşdırır.
Kopenhagen Biznes Məktəbinin professoru Roni Medalya bu planı “çox cəsarətli” adlandıraraq, BƏƏ-nin “süni intellekti bir növ qanunyaradıcı ortağa çevirmək” kimi gizli məqsədinin ola biləcəyini ehtimal edib.
Tədqiqatçılar bildirirlər ki, bu yanaşma bir çox problem və tələ yarada bilər. Süni intellekt modelləri xoş təəssürat bağışlasa da, hələ də nasazlıqlara məruz qalır, etibarlılıq və davamlılıq baxımından problemlər yaşayır.
Bununla yanaşı, BƏƏ-nin planları xüsusilə innovativ sayılır, çünki onlar süni intellektin qanunvericilikdəki dəyişiklikləri cari ehtiyaclara uyğun proqnozlaşdırmaq qabiliyyətindən istifadə etməyi nəzərdə tutur. Bundan əlavə, hakimiyyət hüquqi firmalara qanunların yoxlanılması üçün ayrılan xərclərə qənaət edə bilər. Tədqiqatçıların fikrincə, BƏƏ süni intellektə yalnız köməkçi və layihə hazırlayan vasitə kimi yanaşmaqdan əlavə, onun həqiqətən proqnoz verə və qabaqlaya biləcəyinə inanaraq yeni mərhələyə qədəm qoyur.