Türkiyə parlamentinin nümayəndə heyəti ikitərəfli və regional məsələlərlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib. SİA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay “X” sosial şəbəkəsində məlumat verib. “Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin üzvləri olaraq rəsmi görüşlər keçirmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvadayıq”, – F.Oktay yazıb. O, nümayəndə heyətinin Türkiyə-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə töhfə vermək, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə iştirak edəcəyi görüşlərin səmərəli olacağına ümid etdiyini bildirib. Martın 3-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya-Türkiyə münasibətləri çoxşaxəlidir və inkişaf etməkdə davam edir. Fevralın sonunda Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna, Suriya və Yaxın Şərqi müzakirə etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Türkiyədə onun çox gözlənildiyini çatdırmağı xahiş edib və onu böyük dostu adlandırıb.