Oman Sultanlığı mayın 5-dən 6-dək Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) illik konfransına ev sahibliyi edəcək. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, tədbirdə assosiasiyaya üzv olan beynəlxalq qurumların 250-dən çox nümayəndəsi ilə yanaşı, Oman və digər ölkələrdən tanınmış alim və mütəxəssislər də iştirak edəcəklər.
Konfrans enerji siyasətinin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsi və yenilikləri müzakirə etmək üçün yüksək səviyyəli beynəlxalq platformadır. Tədbir çərçivəsində müxtəlif ixtisaslaşmış panel müzakirələri və interaktiv seminarlar keçiriləcək, dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış ekspert və siyasətçilər fikirlərini bölüşəcəklər. Eyni zamanda, enerji sahəsində əməkdaşlıq imkanlarını və tərəfdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə ikitərəfli görüşlər də təşkil olunacaq.
Konfransda tənzimləmə sistemlərinin səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsində investisiyaların genişləndirilməsi və texnoloji inkişafın enerji gələcəyinə təsirinin öyrənilməsi kimi aktual qlobal çağırışlara uyğun vacib mövzular müzakirə ediləcək.
Qeyd edilməlidir ki, ERRA enerji sahəsində əsas beynəlxalq tənzimləyici birliklərdən biridir. Azərbaycanın 2007-ci ildə üzv olduğu Assosiasiya 5 qitədə yerləşən 43 ölkədən, ümumilikdə 47 qurumu özündə birləşdirir.