“Azərbaycan-Ermənistan münasibətləri iki mənalıdır. Çünki bir tərəfdə Azərbaycan həqiqətən də səmimi şəkildə Ermənistanla normal münasibətlər qurmağa çalışır, bunun üçün hətta gərəkli güzəştlərə də gedir, amma qarşılığında Ermənistan daha da dirəniş göstərir. Sanki müharibədə qalib tərəf Ermənistan, məğlub tərəf Azərbaycandır. Halbuki, Azərbaycan müharibədə qalib tərəf kimi Ermənistana öz mövqeyini diktə edə bilər, sadəcə olaraq biz genişürəklilik göstərib Ermənistanın üzərinə çox getmirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Ermənistan da bunu fürsətə çevirməyə çalışır və üstümüzə gəlirlər: “Münasibətlər ona görə də bir növ dalana dirənmiş kimi görünür. Düzdü müəyyən irəliləyişlər var, xüsusən də bu sərhədlə bağlı kiçik də olsa addımlar atılıb, sülh müqaviləsinin mətnini ilə bağlı müəyyən razılaşma əldə edilib. Amma bütün bunlar əlbəttə ki, geniş əhatəli sülh müqaviləsi imzalanmadan böyük uğur sayıla bilməz. Yəni bizim hər iki tərəf üçün uyğun münasibətlər formatı yalnız genişəhatəli sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq”.
Siyasi şərhçi bildirir ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı mövqeyi bəzən başa düşülən deyil: “Azərbaycan açıq şəkildə deyir ki, “Qarşılıqlı şəkildə torpaq iddiasından imtina etməliyik.” Ermənistan da sözdə bunu təsdiqləyir, amma öz konstitusiyalarında Azərbaycanın ərazisinə iddianı qoruyub saxlamağa da çalışırlar. Bunu başa düşmək elə də asan deyil. Ona görə də biz, Azərbaycan tərəfi olaraq onlara izah etməyə çalışırıq ki, sizin konstitusiyada bu müddüa qaldıqca Azərbaycan tərəfi sizinlə sülh bağlaya bilməz. Çünki biz öz konstitusiyasında bizim torpağımıza iddia edən dövlətlə sülh bağlaya, anlaşa bilmərik. Əlbəttə ki, bu mümkün deyil. Ona görə də Azərbaycan tərəfi düşünür ki, Ermənistan bu məsələni aradan qaldırmalıdır və onda Azərbaycan əmin olacaq ki, Ermənistan həqiqətən də sülh istəməkdə xoşməramlı, ürəyiaçıq və səmimidir.
Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməməsinə gəldikdə isə bunun səbəbi əlbəttə ki, bizdə yox Ermənistanın özündədir. Biz həqiqətən də səmimi şəkildə sülh istəyirik amma Ermənistan buna tam şəkildə razı görünmür. Ona görə də prosesi süni şəkildə uzadırlar. Amma itirən yenə də Ermənistan olur. Çünki əgər 44 günlük müharibədən dərhal sonra Ermənistan Azərbaycanla anlaşa bilsə, Azərbaycanın qanuni və haqlı tələblərini yerinə yetirsə idi əminik ki, bu Ermənistanın xeyrinə olacaq idi. Amma onlar dirəniş göstərib, uyğunsuz tələblərlə çıxışlar edib hətta silahlanmaya üstünlük verib, Azərbaycana bir növ əzələ nümayiş etdirmək istədilər. Nəticədə də Qarabağda qalan sonuncu ermənilərdə könüllü şəkildə çıxıb getməli oldular. Yəni itirən tərəf yenə də ermənilər və Ermənistan oldu. Ona görə də düşünürük ki, Azərbaycanın yumşaq tələblərini Ermənistan nə qədər tez diqqətə alsa bir o qədər onun xeyrinə olacaq.