“Böyük Qayıdışla bağlı ölkəmizdə aparılan siyasət praqmatikliyi baxımından yüksək səviyyədədir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub: “Belə ki, həmin ilin aprelində baş vermiş dörd günlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı.
Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar.
Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.
2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi”.
Politoloq həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı: “Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.
Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında dövlət strategiyasının uğurlu aparılmasının böyümk rolu var.
Bu gün ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur.
Həmçinin onun sözlərinə görə, bütün bunlar cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir: “İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Təbii ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayı oraya qayıdan məcburi köçkünlərin sayı ilə məhdudlaşmır. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işlərinin miqdarı bu sayın ondan qat-qat artıq olduğunu deməyə əsas verir. Çünki tunellərin, aeroportların, aqroparkların tikintisinə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır.
Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb. Bütün bunlar eyni zamanda ölkəmizin beynəılxaql arenada da nüfuzunun yüksəlməsi, rolunun artması, haqq işinin dolğun çatdırılmasında önəmli rol oynayır”.