Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur


Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri strateji əhəmiyyət daşıyır. Bu səfər iki qonşu dövlət arasında münasibətlərin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə ciddi töhfə kimi qiymətləndirilir. Prezident cənab İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında baş tutan görüş və aparılan müzakirələr regional əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Dövlət başçılarının birgə mətbuat konfransında səsləndirdikləri fikirlər də tərəflər arasında dərin və çoxşaxəli münasibətlərin göstəricisidir. Azərbaycan və Gürcüstan prezidentlərinin birgə bəyanatlarında qeyd olunub ki, iki xalq tarix boyu mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq münasibətləri şəraitində yaşayıb. Eyni zamanda vurğulanıb ki, bu gün dövlətlərarası əlaqələr yüksək səviyyədədir. İcra olunan mühüm layihələr həm ölkələrimiz üçün, həm də daha geniş region üçün strateji əhəmiyyət daşıyır. Bu layihələrin uğurla həyata keçirilməsi siyasi münasibətlərin intensiv inkişafına da zəmin yaradıb. Prezidentlərin də vurğuladığı kimi, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda da daim bir-birinin maraqlarını dəstəkləyir. Reallaşdırılan layihələr bütövlükdə Cənubi Qafqazın, eləcə də Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini dəyişdirib. Prezident cənab İlham Əliyev bildirib ki, əgər Avropanın enerji təhlükəsizliyindən danışılırsa, bu proses Azərbaycan və Gürcüstan olmadan mümkün deyil. Hal-hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən Gürcüstana təbii qaz ixrac edir və bu ixrac əsasən Gürcüstan üzərindən həyata keçirilir. Nəqliyyat və kommunikasiya sahəsində əldə olunan uğurlar, eləcə də inşa edilən yeni dəmir yolları və limanlar Azərbaycanla Gürcüstan arasında güclü sinergiya yaradıb və Orta Dəhlizin mühüm tərkib hissəsinə çevrilib. Bu baxımdan da Orta Dəhliz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycan və Gürcüstanın fəal iştirakı olmadan mümkün deyil.

Dövlət başçımız cənab İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Cənubi Qafqaz uzun müddət münaqişələrin və qarşıdurmaların mərkəzi olmuşdu, lakin hazırkı mərhələdə regionda yeni bir sabitlik və əməkdaşlıq dövrü başlayır. Gürcüstan Prezidenti də Azərbaycanın bu istiqamətdəki rolunu yüksək qiymətləndirib və iki ölkə arasındakı münasibətlərin qədim tarixi köklərə söykəndiyini, bu əlaqələrin zamanla strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. Azərbaycanın Gürcüstanla bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu və bu istiqamətdə ardıcıl addımlar atdığı xüsusi qeyd olunub. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm və mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlərin əsasını təşkil edir. Azərbaycan və Gürcüstanın birlikdə həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri regional çərçivəni aşaraq qlobal əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təchizatında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərqlə Qərb arasında daha sürətli və səmərəli əlaqə imkanı yaradır. Həmçinin, Azərbaycan-Gürcüstan əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də güclənməkdə davam edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki ölkə daim bir-birinin maraqlarını qoruyur və dəstəkləyir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Əlaqəli Xəbərlər