İsveçin və Norveçin şimalında yerləşən bir neçə Saam icması mart ayında elit xizək turları təşkil edən turizm şirkətindən aprel ayında dağlarda vertolyotlarla xizək sürməyə (heliskiing) etiraz etməmələri müqabilində pul təzminatı təklifi alıblar. Bu dövr isə şimal marallarının balaladığı həssas bir dövr hesab olunur. SİA “Dagens Nyheter” (DN) nəşrinə istinadən xəbər verir ki, bu tədbirin arxasında şəxsi vertolyotlar və şef-aşpazların iştirakı ilə təşkil olunmuş dəbdəbəli tura qatılan nüfuzlu turistlər qrupu dururdu. Eyni zamanda, İsveç sərhədi yaxınlığındakı Norveç körfəzində Meta (Facebook) şirkətinin rəhbəri Mark Tsukerberqə məxsus olan və keçən il 330 milyon dollara əldə edilmiş “Launchpad” adlı meqa yaxta və “Wingman” adlı yardımçı gəmi də müşahidə olunub. Nəşrin məlumatına görə, dağlara uçuşlar məhz bu yaxtalardan həyata keçirilib.
İcmalara “səssiz razılıq” müqabilində 50 min krona (təxminən 4700 ABŞ dolları) yaxın məbləğ təklif olunub. Lakin Saam icmasının nümayəndələri, o cümlədən Unna Çeruş icmasının sədri Helena Omma iştirakdan imtina edib və ekstremal turizmin təbiətə, iqlimə və ənənəvi həyat tərzinə vurduğu zərəri vurğulayıblar.
“Bu, varlı insanların təbiəti öz şəxsi oyun meydançası kimi istifadə etməsinin bir nümunəsidir. Biz bu cür fəaliyyətləri mənasız və zərərli hesab edirik”, – deyə Helena Omma bildirib. O əlavə edib ki, təbiətin də hüquqları var və milyarderlərin istəklərinə tabe olmamalıdır.
Bu arada, təşkilatçılar Saamlarla yaşanan münaqişəyə və maralların çoxalma dövründə tədbirin keçirilməsi faktına şərh verməkdən imtina ediblər. “DN” Tsukerberqin şəxsən tədbirdə iştirakını təsdiqləyə bilməyib, lakin onun hər iki gəmisi Atlantik okeanını keçərək Norveçin ərazi sularına daxil olub. Bu isə böyük həcmdə tullantılar səbəbindən ekoloqlar tərəfindən ciddi tənqidə səbəb olub.
İqlim mütəxəssisləri isə heliski turizmini iqlim böhranı şəraitində yolverilməz istirahət növü hesab edir və onun qadağan edilməsinə çağırış edirlər.