16 aprel 2025-ci il tarixdə Ağdam rayonu ərazisində, Vətən müharibəsində şəhid olmuş kapitan Həsənov Əsəd Fərhad oğlunun adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə şəhid ailələri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak edib.
Abidə kompleksinin açılışında çıxış edən Səfa Ağayev bildirib ki, şəhidlər əzəli torpaqlarımızın azadlığı, gələcək nəslin rahat yaşaması, ölkənin ərazi bütövlüyünün təminatı üçün canlarından keçdilər, tarix yazdılar. Onların hər birinin adları, xatirələri qəlbimizdədir. Dövlətimiz hər zaman şəhid ailələrinin dayağı olub, daim də belə olacaq. Bu gün dövlət siyasətinin əsas prioriteti də məhz budur ki, həmin ailələr özlərini tək hiss etməsinlər, qayğı ilə əhatə olunsunlar. Onları qorumaq, onların qeydinə qalmaq hər birimizin borcudur. Şəhid atası Fərhad Həsənov şəhidlik zirvəsindən danışıb, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!