“Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var”


“İnsan düşündükcə beynində neyronlar arasında elektrik impulsları yaranır və bu impulslar sinapslar vasitəsilə məlumat ötürülməsini təmin edir. Müəyyən düşüncələr tez-tez təkrarlananda bu neyron yolları daha da güclənir. Elmdə bu “neyronal plastiklik” adlanır. Yəni, beyin özünü dəyişdirə və uyğunlaşdıra bilir. Məsələn, bir insan daim neqativ düşünürsə, beynində neqativliklə bağlı neyron yollar daha da möhkəmlənir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, eyni cür düşünmək, eyni davranmaq və eyni duyğular yaşamaq insanı dəyişdirə bilər: “Ancaq bu dəyişiklik hər zaman müsbət olmur. Daim eyni duyğu və davranış modeli, insanı psixoloji baxımdan “donmuş” bir vəziyyətə sala bilər. Məsələn, hər zaman qorxu içində yaşayan biri zamanla təşviş pozuntuları və ya depressiya ilə üzləşə bilər. Bu da onu göstərir ki, eyni cür düşünmək bəzən inkişafı əngəlləyir.

Düşüncələr və vərdişlər arasında tam bir əlaqə var. Vərdişlərimiz bir növ avtomatlaşdırılmış düşüncə və davranış nümunələridir. Məsələn, hər səhər durub telefona baxmaq düşüncə ilə yox, artıq vərdiş halına gəlmiş bir davranışdır. Düşüncə dəyişmədikcə, vərdiş də dəyişmir. Yaxud əksinə, düşüncəni dəyişməklə vərdişi də dəyişmək mümkündür. Bu, “kognitiv davranış terapiyası”nın əsasını təşkil edir. Bəli, düşüncələr insanda stres yarada bilər. Bir çox hallarda stresin mənbəyi xarici deyil, daxili düşüncələrimizdir. “Məni qiymətləndirməyəcəklər”, “Alınmayacaq”, “Nə edəcəyimi bilmirəm” kimi avtomatik neqativ düşüncələr kortizol hormonunun – yəni stres hormonunun səviyyəsini artırır. Bu isə orqanizmə həm fiziki, həm psixoloji zərər verir”.

“Beyin kodlaması beyindəki məlumatların və davranış nümunələrinin müəyyən yollarla yerləşməsi və avtomatlaşdırılmasıdır. Yəni, düşüncələrimizin və yaşantılarımızın beyində “yazılması” və vərdiş halına gətirilməsi prosesidir. Müsbət beyin kodlaması insana özünəinam, hədəfə fokuslanma və daha sağlam münasibətlər qazandırır.

Düşüncə gücü insanın öz həyatını dəyişə biləcək ən böyük daxili resursudur. “Necə düşünürsənsə, elə yaşayırsan” prinsipi burdan gəlir. Düşüncə dəyişdikcə beyin də dəyişir, beyin dəyişdikcə davranış və həyat keyfiyyəti də dəyişir. Elmi tədqiqatlar göstərir ki, pozitiv düşüncə və zehni proqramlaşdırma (yəni düzgün beyin kodlaması) insanın həm sağlamlığını, həm də uğurlarını artırır” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər